CƏMİYYƏT


Əmək bazarına qayıtmaq üçün zəruri bacarıqlar aşılayan kurslar keçiriləcək

Bakı, 15 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və dünyanın aparıcı onlayn tədris sistemi “Coursera”nın iş birliyi çərçivəsində “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” üzrə üçaylıq kurslara başlanacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, “Coursera”ya məxsus bu təşəbbüs hökumətlərin məşğulluq tədbirlərinə dəstək məqsədi daşıyır. İşini itirmiş şəxslər yenidən əmək bazarına daxil olmaq üçün lazımi öz bilik və bacarıqlarını artırmaq məqsədilə bu kurslara müraciət edə bilərlər.

Onlayn platformada təşkil olunacaq kurslar vasitəsilə iştirakçılar əldə etmək istədikləri bilik və bacarıqlara uyğun olaraq dünyanın tanınmış universitetləri və təşkilatları tərəfindən hazırlanmış 4000-ə qədər təlim proqramından ödənişsiz formada istifadə edə biləcəklər. Kurslar ixtisas təlimləri ilə yanaşı, müxtəlif dil biliklərinin artırılması, informasiya texnologiyaları və digər proqramları da əhatə edir.

İştirakçılara, həmçinin türk dilində 400-dək, rus dilində 60-dək, habelə ingilis və başqa dillərdə olan kurslardan faydalanmaq imkanı da veriləcək. Proqramı uğurla başa vuran iştirakçılar beynəlxalq sertifikatla da təmin ediləcəklər.

Təlimlərdə iştirak etmək istəyən şəxslər https://forms.gle/bJ4uBBB8fNPFeYyc9 keçidinə daxil olaraq “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü – Coursera” seçməklə, qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş şəxslərə “Coursera” sistemi tərəfindən qeydiyyatını tamamlamaq üçün dəvətnamə gələcək.

Kurslara son qeydiyyat tarixi oktyabrın 30-dur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.