CƏMİYYƏT


Əmək bazarına yönəlmiş peşə təhsili və təlimi sistemlərinin gücləndirilməsi məsələləri müzakirə olunub

Bakı, 9 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) Məşğulluq üçün təhsil proqramının ekspertləri ilə görüş olub. Görüşdə ölkəmizdə əmək bazarına yönəlmiş peşə təhsili və təlim sistemlərinin gücləndirilməsi, bu sahədə qeyd olunan proqramla əlaqələndirmə mexanizmlərinin qurulması məsələləri müzakirə olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli milli iqtisadiyyatda dinamik inkişafın davam etməsi, innovativ meyillərin güclənməsi, əmək bazarında rəqabətədavamlı peşələr üzrə işçi qüvvəsinə tələbatın artması şəraitində peşə təhsili və təlimi sistemlərinin həmin proseslərə uyğunlaşdırılmasının vacib hədəflərdən olduğunu qeyd edib.

Nazir müavini bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında inkişaf etdirilməsi mühüm məqsəd kimi əksini tapır.

Görüşdə peşə təhsili və hazırlığı sisteminin keyfiyyətinin yüksəldilməsi, institusional strukturunun inkişaf etdirilməsi üçün qabaqcıl beynəlxalq təcrübə əsasında ölkəmizdə aparılan işlər barədə məlumat verilib. Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması üçün təkmil sistemin, eləcə də Avropa Təlim Fondunun ekspert dəstəyi ilə Əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə Milli Observatoriyanın yaradılması işlərinin davam etdirildiyi qeyd olunub.

Nazir müavini qeyd olunan sahələrdə Aİ-nin Məşğulluq üçün təhsil proqramı ilə əlaqəli fəaliyyətin təşkil edilməsinin əhəmiyyətini, bu sahədə əməkdaşlığın peşə təhsili və təliminin əmək bazarına uyğun qurulması və keyfiyyətinin artırılmasında dəyərli dəstək ola biləcəyini diqqətə çatdırıb.

Eyni zamanda, peşə standartlarının hazırlanması, işsiz və işaxtaran şəxslərin peşə hazırlığının təşkili, əmək bazarına daxil olmağa hazırlaşan gənc işçi qüvvəsinin düzgün peşəyönümünün, təhsil və karyera seçiminin dəstəklənməsi sahəsində görülən tədbirlər, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün həyata keçirilən islahatlar diqqətə çatdırılıb.

Aİ-nin eksperti A.Castiss Azərbaycanda əmək bazarına yönəlmiş peşə təhsili və təlim sistemlərinin gücləndirilməsi məqsədilə aparılan işləri dəstəklədiklərini, peşə təhsili və hazırlığı sektoru ilə məşğulluq sektoru arasında əməkdaşlığın gücləndirilməsinin məşğulluq üçün təhsil proqramının vacib hədəfi olduğunu bildirib.

Görüşdə müvafiq sahədə fəaliyyətin proqramla əlaqəli həyata keçirilməsi, bu sahədə dəstəyin göstərilməsi, Azərbaycanda Məşğulluq üçün Təhsil Proqramı üzrə İlkin Fəaliyyət Sənədinin (2018-2020-ci illər) hazırlanması və s. məsələlərə dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.