İQTİSADİYYAT
Əmək bazarında davam etdirilən islahatlar müzakirə olunub
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Alman-Azərbaycan Xarici Ticarət Palatası ("AHK Azərbaycan") üzv şirkətlər üçün növbəti AHK-İmpuls tədbirini təşkil edib.
"AHK Azərbaycan"dan AZƏRTAC-a bildiriblər ki, əmək bazarında davam etdirilən islahatlar mövzusuna həsr olunan tədbirin fəxri qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olub.
Tədbirdə "AHK Azərbaycan"ın icraçı direktoru Tobias Baumanın çıxışı, "KPMG Azərbaycan Limited" şirkətinin vergi məsələləri üzrə direktoru Rizvan Qubiyev "Qeyri-rəsmi məşğulluq ilə mübarizənin vergi siyasəti yolu ilə tənzimlənməsində beynəlxalq təcrübə" adlı təqdimatı dinlənilib.
Nazir Sahil Babayev "Azərbaycanda əmək bazarı islahatlarının həyata keçirilməsi" adlı məruzə ilə çıxış edib. İnsan amilinin dövlət siyasətinin başlıca xətti olduğunu vurğulayan nazir bu il əmək bazarında aparılan islahatların 4 əsas istiqaməti əhatə etdiyini qeyd edib: Pensiyanın avtomatlaşdırılması; "DOST" mərkəzlərinin yaradılması; e-sosial internet portalının istifadəyə verilməsi və məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması. S.Babayev məşğulluq sahəsində elektron xidmətlərin genişləndirilməsinin və nazirlik tərəfindən göstərilən 124 xidmətin vahid pəncərə altında, sadələşdirilmiş şəkildə və heç bir məhdudiyyət olmadan həyata keçirilməsinin şəffaflığın və effektivliyin təminatında mühüm rol oynadığını qeyd edib.
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ilə bağlı layihələrinin icrası işləri yekunlaşmaq üzrədir və ilk "DOST" mərkəzinin 2019-cu ilin ilk aylarında istifadəyə verilməsi planlaşdırılır.
Vətəndaşların dövlət sosial xidmətləri ilə bağlı nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, əlillik və s. üzrə) özündə ehtiva edən "e-sosial" internet portalı artıq fəaliyyət göstərir və portalın təkmilləşdirilməsi istiqamətində aparılan işlər növbəti il ərzində davam etdiriləcək.
Azərbaycanda qeyri-neft sektorunun işçiləri üçün vergi yükünün azaldılmasını və məşğulluq sahəsində qanunvericiliyə edilən dəyişiklikləri müsbət hal kimi vurğulayan nazir qeyri-formal məşğulluğun qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə Vergilər Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Çıxışdan sonra “AHK Azərbaycan” üzvlərinin qeyd olunan məsələlər ilə bağlı suallarını cavablandıran nazir biznes nümayəndələrini davam etdirilən islahatlar və həyata keçirilən işlərə öz rəy və təklifləri ilə dəstək verməyə çağırıb.