CƏMİYYƏT
Əmək miqrasiyası idarəçiliyinə və əməkçi miqrantların hüquqlarının müdafiəsinə dair seminar keçirilir
Bakı, 11 iyun, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi iyunun 11-də ölkəmizin dövlət qurumlarının, özəl sektorun nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə əmək miqrasiyası idarəçiliyinə və əməkçi miqrantların hüquqlarının müdafiəsinə dair ikigünlük seminar keçirir.
AZƏRTAC xəbər verir ki, əsas məqsəd bu sahədə ən yaxşı təcrübənin öyrənilməsi üçün fikir mübadiləsinin aparılması və mövcud çətinlikləri müzakirə etməkdir.
Tədbirdə BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə məsul şəxsi Villiam Solley, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Fuad Cabbarov, BMqT-nin Vyanadakı regional ofisinin əmək mobilliyi və insan resurslarının inkişafı departamentinin nümayəndəsi Maykl Neuson çıxışlarında birgə reallaşdırılan layihələrin əhəmiyyətindən söz açıblar. Çıxışlarda uğurlu əməkdaşlıq münasibətlərinin formalaşdırılmasında birgə fəaliyyət müsbət qiymətləndirilib. Azərbaycanın əmək miqrasiyasının idarəçiliyi və əməkçi miqrantların hüquqlarının qorunması sahəsində institusional və qanunvericilik baxımından uğurları vurğulanıb.
Qeyd edilib ki, seminar Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI faza” layihəsi çərçivəsində təşkil edilir. Layihənin məqsədi Azərbaycan hökumətini insan alveri və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə dəstəkləmək və bu sahədə yerinə yetirilən milli səylərə töhfə verməkdir. Layihə vasitəsilə, həmçinin miqrantlar öz hüquqları haqqında məlumatlandırılacaq və görüləcək qabaqlayıcı tədbirlərlə tanış edilməklə insan alverinə qarşı beynəlxalq təşəbbüslərə dəstək veriləcək.
Tədbir beynəlxalq və yerli iştirakçılara, bu sahədə fəaliyyət göstərən Azərbaycanın dövlət müvafiq orqanlarının əməkdaşlarına əmək miqrasiyası idarəçiliyi və əməkçi miqrantların hüquqlarının müdafiəsi sahəsində biliklərini artırmaq və təcrübə mübadiləsi aparmaq imkanı verir. Seminarda əmək miqrasiyası siyasəti və proqramlarının hazırlanmasında hökumət, özəl sektor və işəgötürənlərin maraqları, prioritetləri və sair mövzular ətrafında müzakirələr aparılır.