İQTİSADİYYAT
“Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə” Konsepsiya təsdiq olunub
Bakı, 26 may, AZƏRTAC
Dövlət Vergi Xidmətində 2020-ci ildən “Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə” Konsepsiya təsdiq edilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə bildirib.
İdarə rəisi deyib ki, konsepsiyanın tələblərinə uyğun olaraq, işçiyə minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edən, o cümlədən təqdim olunmuş bəyannamələrdə sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirilən əməkhaqqı məbləğləri sahibkarın real potensialı, eləcə də həmin sektorda işləyən digər sahibkarların əməkhaqqı məbləği göstəriciləri ilə müqayisədə, həmçinin fəaliyyət göstərdiyi sahəyə, dövriyyəsinə və s. məlumatlara görə fərqli olan vergiödəyiciləri müəyyən edilir: “Hər kəsə məlumdur ki, 2022-ci il yanvarın 1-dən ölkə üzrə minimum əməkhaqqının məbləği 300 manat müəyyən olunub. Bununla bağlı iş yerlərində yanvarın 1-dək 300 manatdan aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik olunmalıdır”.
N.Vahabzadə əlavə edib ki, Dövlət Vergi Xidməti tərəfindən proqram təminatı vasitəsilə iş yerlərində bağlanmış əmək müqavilələrinə dair məlumatlar, o cümlədən əməkhaqları real vaxt rejimində izlənilir. Yanvar ayından artıq 5 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də əsas iş yerində tam iş qrafiki ilə işləyən sığorta olunanların əməkhaqqı məbləğlərinə dəyişiklik olunmayan müqavilələr qalmaqdadır. Bununla bağlı Dövlət Vergi Xidmətindən vergiödəyicilərinə bildirişlər göndərilib. Əks halda, əməkhaqqı məbləğini ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqıdan aşağı qeyd edən işəgötürənə İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinin tələbinə əsasən 1000 manatdan 1500 manatadək cərimə tətbiq ediləcək: “Araşdırmalar onu deməyə əsas verir ki, əmək müqavilələri qüvvəyə minmədən işlərə cəlbetmə və ya çalışdığı işə uyğun olmayan formal qaydada müqavilədə ölkə üzrə minimum əməkhaqqı məbləği səviyyəsində göstərən vergiödəyiciləri daha çox tikinti, pərakəndə ticarət, xidmət, iaşə sahələrində fəaliyyət göstərir. Belə olan halda, sahibkar işçilərə uçotdan kənar əməkhaqqı verməklə işçilərin sosial təminatının və fərdi kapitalına yığılmalı məbləğin az olmasına səbəb olur. Biz bunu şərti olaraq “boz zonalar” adlandırırıq”.