İQTİSADİYYAT
Əmək qabiliyyətinin müvəqqəti itirməsinə görə verilən müavinətdən vergi tutulur
Bakı, 7 avqust, AZƏRTAC
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət gəlir vergisinə cəlb edilirmi?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualı ilə bağlı bildirilib ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar əldə olunan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Məcəllənin 101.1-ci maddəsinin müddəalarına uyğun olaraq, fiziki şəxslərin aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilir, 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur. Məcəllənin 102.1.4-cü maddəsinin müddəalarına əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri fiziki şəxslərin gəlir vergisindən azaddır.
Qeyd olunub ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətin ilk 14 təqvim günü sığortaedənin vəsaiti, qalan günləri isə dövlət sosial sığorta haqları hesabına ödənilir. Bu zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlərdən Vergi Məcəlləsinin 101.1-ci maddəsi ilə müəyyən edilmiş cədvələ uyğun olaraq, ödəmə mənbəyində gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilir.