CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin proaktiv xidmətlərinin sayı 90-a çatacaq
Bakı, 11 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında duran hədəflərdən biri nazirliyin göstərdiyi 132 xidmətdən 90-nını tamamilə elektron şəkildə həyata keçirməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kütləvi-informasiya vasitələrinə verdiyi müsahibədə qeyd edib ki, bu istiqamətdə ciddi işlər görülür.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, xüsusi karantin rejimi dövründə nazirliyin ötən ildən başlayaraq elektronlaşma ilə əlaqədar həyata keçirdiyi işlər öz müsbət nəticəsini verib. Bu müddət ərzində vətəndaşlar evdən çıxmadan, məmur-vətəndaş təması olmadan xidmətlərdən yararlanmaq imkanı qazanıb.
Bu ilin 6 ayı ərzində 53 min vətəndaşa pensiya və müavinətlər üzrə proaktiv qaydada təyinat və ödəniş aparılıb, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 325 min elektron arayış verilib. Həmçinin birdəfəlik ödəmə ilə bağlı müraciətlər də elektron qaydada qəbul edilib və ödəniş aparılıb.