Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ADA Universiteti tərəfindən Sertifikat və Təşəkkürnamə ilə təltif edilib
AzerTAg.az
Bakı, 9 may, AZƏRTAC
ADA Universitetində təşkil olunmuş karyera sərgisində aktiv iştiraka və həmin ali təhsil müəssisəsi məzunlarının məşğulluğunun təminatına töhfələrinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ADA Universiteti tərəfindən Sertifikat və Təşəkkürnamə ilə təltif edilib.
ADA Universiteti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlığı nəticəsində son illər ərzində həmin universitetin 26 məzunu nazirlik sistemində işlə təmin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, universitetdə keçirilən növbəti karyera sərgisində də nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin əməkdaşları fəal iştirak ediblər.
Sərgi iştirakçılarına nazirlik, onun fəaliyyət istiqamətləri, həmçinin dövlət qulluğuna qəbul qaydaları haqqında ətraflı məlumatlar verilib, onlara maarifləndirici çap məhsulları paylanılıb.



Xəbərin mətnində orfoqrafik səhv var