CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına başladı
Bakı, 5 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar tənha ahıl, yaşlı insanları əhatə edəcək “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına başladı.
Xalqımızın zəngin milli-mənəvi dəyərlərini, yüksək humanizm prinsiplərinə sadiqliyini əks etdirən Novruz bayramının qədim adətlərindən biri də bayramlaşmaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu gözəl adətə uyğun olaraq başladığımız kampaniya tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını təşviq etməkdir.
Nazirliyin əməkdaşları aksiyanı Səbail rayonunda tənha yaşayan 80 yaşlı Mənzər Hüseynovanı ziyarət etməklə başladı. Ona “DOST Xonçası” təqdim edərək bayramlaşdılar, həmsöhbət oldular.
Tənha ahıl vətəndaşlarımızı sevindirmək, onlarla bayramlaşmaq istəyən hər qurum və ya hər kəs bu aksiyaya qoşula bilər. Nazirlik aksiyanı davam etdirənlərdən bu barədə “Facebook” səhifəsində postlarını #dostxonçası “hashtag”ı altında paylaşmalarını xahiş edir.