CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Məşğulluq” altsistemini istifadəyə verib VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Məşğulluq” altsistemi əhalinin istifadəsinə verilir. Bu altsistem dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsinə və əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasına imkan yaradacaq.
AZƏRTAC xəbər verir ki, bunu nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsisteminin istifadəyə verilməsi ilə əlaqədar noyabrın 8-də keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
Nazir müavini vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, sosial sahədə aparılan genişmiqyaslı islahatların bir istiqaməti dövlət məşğulluq xidmətlərini əhatə edir. Məqsəd dövlət məşğulluq xidmətlərinin innovativ yanaşmalar və müasir texnologiyalar üzərində keyfiyyətinin və çevikliyinin artırılmasıdır. Dövlət başçısının 2018-ci il 5 sentyabr tarixli müvafiq Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi də bu məqsədə xidmət edən bir addımdır.
“Məşğulluq” altsisteminin əmək bazarında mövcud olan vakansiyalar üzrə məlumat bankına malik olduğunu qeyd edən A.Əliyev altsistemin işsiz və işaxtaran vətəndaşlara vakansiya bankına birbaşa çıxış və əmək bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verdiyini diqqətə çatdıraraq bildirib ki, yeni sistem işsiz və işaxtaranlar barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına da malikdir və həmin baza daim yenilənir. Beləliklə, “Məşğulluq” altsistemi işəgötürənlər üçün də təqdim etdikləri vakant iş yerlərinə vaxt itkisi olmadan qısa vaxt ərzində uyğun namizədi tapa bilməyə, nəticədə işəgötürənlərin bu və ya digər peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının çevik şəkildə ödənməsinə şərait yaradır. Vakant iş yerlərinə göndərişlərin verilməsi prosesi elektron infrastruktur üzərində aparılması işədüzəlmədə və işçi qəbulunda müəyyən vaxt itkisini aradan götürür, müasir iş tərzini, şəffaflığı və bu sahəyə birbaşa nəzarət mexanizmini təmin edir.
Nazirlik yanında Dövlət Məşğuluq Xidmətinin rəisi Fuad Musayev “Məşğulluq” altsisteminin üstünlükləri və məşğulluq xidmətlərinə gətirəcəyi yeniliklər barədə məlumat verib. Nazirliyin elektron xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov altsistemin təqdimatını edib.
Qeyd edilib ki, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 iş günü müddətində vakansiya bankına daxil etməlidirlər. Bunun üçün onlar e-sosial.az ünvanına və yaxud e-gov.az ünvanına daxil olmalı, “e-Xidmətlər” bölməsində “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi” elektron xidmətini seçməlidirlər. Bundan sonra “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yeri barədə məlumatları daxil etməli, sonra isə “Yadda saxla” düyməsini basmalıdırlar.
İşsiz və işaxtaranlar isə “E-sosial” və ya “e-gov.az” portalı vasitəsilə “Məşğulluq” altsisteminə daxil olur, vakansiyalarla tanış olur və özünün iş üçün müraciət anketini formalaşdırır. Bundan sonra Məşğulluq Mərkəzinin onun üçün təklif etdiyi işlərdən özünə uyğun olanı seçərək işə dair göndərişi təsdiq edir. Təsdiq edilmiş göndəriş aidiyyəti işəgötürənə göndərilir və o, işsiz və ya işaxtaranı dəvət edərək onunla əmək müqaviləsi bağlayır. İşsiz və işaxtaranlara altsistemdə digər aktiv məşğulluq layihələrindən (özünüməşğulluq və ya “İşsizin DOSTu” proqramı, yaxud peşə hazırlığı, peşəyönümü məsləhət tədbirləri və s.) birini seçmək imkanı da verilir.
Tədbirdə kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılıb.