CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlərə və işəgötürənlərə müraciət edib

Bakı, 31 iyul, AZƏRTAC

Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslər işsizlikdən sığorta ödənişini almaq hüquqlarına malikdirlər. Lakin bir sıra hallarda onlar bu hüquqları barədə məlumatsız olduqları üçün həmin sığorta ödənişini almaq üçün müraciət etmirlər. Eləcə də bəzi müəssisələrin işəgötürənləri də bu barədə məlumatlı olmadıqlarından qeyd olunan səbəblərdən işini itirmiş şəxsləri aidiyyəti üzrə məlumatlandırmırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlərə, habelə işəgötürənlərə müraciət edərək bildirir ki, bu il yanvar ayının 1-dən qüvvədə olan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının (və ya ştatların) ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlara işsizlikdən sığorta ödənişini almaq hüququ verir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, həmin səbəblərdən əmək müqaviləsinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış şəxslər azı 3 il sığorta stajına malik olduqda onlar sığorta ödənişini ala bilərlər.

İşini itirdiyi günədək, yəni, işsizliyin başlanmasından əvvəlki 24 ay ərzində 12 aydan çox sığorta stajı olan əmək qabiliyyətli şəxslərə itirdikləri orta aylıq əməkhaqqının sığorta stajı 3 ildən 5 ilə qədər olduqda 50 faizi, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55 faizi, sığorta stajı 10 ildən yuxarı olduqda 60 faizi qədər işsizlikdən sığorta ödənişi təyin olunur.

İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir. Belə ki, ilk 2 təqvim ayı üçün 100, 3–4-cü təqvim ayları üçün 80, 5–6-cı təqvim ayları üçün 70 faiz ödəniş edilir.

İşsizliyin başlanmasından əvvəlki 24 ay ərzində 12 aydan az sığorta stajı olan əmək qabiliyyətli şəxslərə isə 3 ay müddətinə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir. Eyni zamanda, təkrar müraciət zamanı da minimum sığorta ödənişi ödənilir.

İşsizlikdən sığorta ödənişi almaq hüququ olanlar qeydiyyatda olduqları rayon (şəhər) üzrə Məşğulluq Mərkəzinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.