CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF birgə müsabiqə elan ediblər
Bakı, 24 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) “Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamı ilə ölkəmizdə həyata keçirilən özünüməşğulluq proqramının sosial-iqtisadi əhəmiyyətinin, habelə proqramın icrası nəticəsində işsiz və işaxtaran şəxslərin ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını quraraq özünüməşğulluq imkanlarına yiyələnmələri istiqamətində aparılan işlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Yazıların qəbulu mayın 25-dən iyulun 5-dək davam edəcək.
Müsabiqədə birinci yer üçün 1, ikinci yer üçün 2, üçüncü yer üçün 3 yazı qalibinin mükafatlandırılması nəzərdə tutulur. Birinci yerin sahibi 1000, ikinci yerin qalibi 800, üçüncü yeri tutanlar isə 600 manat pulla mükafatlandırılacaqlar. Bundan əlavə, 10 yazı müəllifinə (200 AZN) həvəsləndirici mükafat veriləcək. Qaliblər, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Müsabiqə ilə bağlı daha ətraflı məlumatı KİVDF-nin saytından (www.kivdf.gov.az ) əldə etmək olar.