CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin missiya direktoru ilə görüş olub
Bakı, 11 dekabr, AZƏRTAC
Gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə BMT İnkişaf Proqramı ilə birgə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəal dəstəyi USAID-lə aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində gələcək əməkdaşlığın genişləndirilməsi üçün yaxşı əsas yaradıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev USAID-in missiya direktoru Caydev Sinqx ilə nazirlikdə keçirilən görüşdə bildirib. Görüşdə ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam Gil də iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, S.Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf kursunun uğurlarından biri kimi, ölkəmizdə gənclər arasında da işsizliyin səviyyəsinin əhəmiyyətli şəkildə azaldığını vurğulayıb. O, gənclərin əmək bazarına inteqrasiyasına şərait yaradılması üçün həyata keçirilən aktiv məşğulluq tədbirlərini, beynəlxalq qurumlarla əməkdaşlıq müstəvisində birgə icra olunan layihələri qeyd edib.
Nazir dövlət başçısının 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”, dövlət məşğulluq orqanlarının qabaqcıl beynəlxalq təcrübəyə uyğun yeni xidmət modelinin formalaşdırılması və məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması üçün aparılan islahatlar barədə məlumat verib. “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin önəmini diqqətə çatdıran S.Babayev bildirib ki, USAID-in dəstək verdiyi layihə çərçivəsində təşkil olunan təlimlərdə Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası (SYSLAB) metodologiyası üzrə gənclərə müasir iş axtarma bacarıqları öyrədilir. Təlimləri bitirən gənclərin artıq əksəriyyəti qazandıqları bu bacarıqlar hesabına münasib işlərlə təmin olunublar.
C.Sinqx USAID-in gənclərlə bağlı layihələrə, gənclərin əmək bazarına daxil olmaları məqsədilə aparılan işlərə həmişə dəstək verməyə hazır olduqlarını, bu sahədə gələcəkdə də birgə işlərin davam etməsinin məqsədəuyğun ola biləcəyini deyib.
Görüşdə gənclərin məşğulluğunun artırılması sahəsində USAID-lə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub. Əmək, məşğulluq, sosial müdafiə sahələrində ictimai nəzarət mexanizminin təşkili, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq sahəsində görülən işlərə dair fikir mübadiləsi də aparılıb.