CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Sosial siyasət üzrə missiyası ilə görüş olub

Bakı, 14 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Sosial siyasət üzrə missiyası ilə görüş keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd nazirlik ilə Dünya Bankı arasında potensial əməkdaşlığı müzakirə etmək və sosial siyasət dialoqunda tapşırıq qrupunun rəhbəri Aleksandra Posarakı əvəz edən Maddalena Honorati ilə tanışlıq olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizdə sosial inkişafın təmin edilməsi istiqamətində ötən dövrdə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən operativ və tam şəffaf şəkildə göstərilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanına əsasən nazirliyin tabeliyində DOST Agentliyi və mərkəzlərinin yaradılması istiqamətində aparılan işlər barədə məlumat verib.

Nazir müavini Dünya Bankı ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, 2004-2011-ci illəri əhatə edən “Pensiya və Sosial Təminat” layihəsi və 2008-2015-ci illəri əhatə edən “Sosial Müdafiənin İnkişafı” layihəsinin icrası nəticəsində mühüm irəliləyişlər əldə olunub. Hazırda “Azərbaycanda İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya” layihəsi çərçivəsində iş yerləri ilə bağlı nəticələrin əldə olunmasında ümumi biznes mühiti, rəsmi sektordakı işəgötürənlərin fəaliyyəti və işçi qüvvəsinin qiymətləndirilməsi istiqamətləri üzrə işlər davam etdirilir.

M.Kərimli Azərbaycanda yoxsulluğun azaldılması və əmək bazarında sabitliyin təminatı məqsədilə aktiv məşğulluq xidmətlərinin rolunu, bu istiqamətdə özünüməşğulluq proqramının icrasını xüsusi vurğulayıb.

Aleksandra Posarak ölkəmizdə aparılan islahatların Dünya Bankı tərəfindən daim maraqla izlənildiyini qeyd edib. O, Azərbaycanda uzunmüddətli Məşğulluq Strategiyasının hazırlanmasında Dünya Bankı tərəfindən aktiv dəstəyin bundan sonra da davam edəcəyini bildirib. A.Posarak əhalinin məşğulluğu sahəsində Azərbaycanda fəal dövlət siyasətinin aparıldığını, həssas əhali qruplarının özünüməşğulluq proqramına cəlb olunması üçün atılan addımların beynəlxalq miqyasda müsbət qəbul olunduğunu xüsusi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.