CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində könüllü qanvermə aksiyası keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Talassemiya Federasiyası ilə əməkdaşlıq çərçivəsində könüllü qanvermə aksiyası keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, xüsusi tibbi briqada tərəfindən əvvəlcə donorların sağlamlıq vəziyyəti müəyyən edilib. Aksiyada nazirliyin aparatının və struktur bölmələrinin əməkdaşlarından ibarət yüzədək şəxs donor qismində iştirak edib, onlardan qan götürülüb.
“Donor günü” ilə əlaqədar təşkil olunan aksiyada məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən, onlar üçün qan ehtiyatını artırmaqdan ibarət olub. Götürülmüş qan nümunələri də laboratoriyada bir daha müayinə edildikdən sonra həmin xəstələrə yardım üçün istifadə olunacaq.