CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları “Mübarizlər” yarışında iştirak ediblər
Bakı, 30 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları “Events Management” MMC-nin və “Gilan Holding”in təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən “Mübarizlər” adlı ekstremal idman-marafon yarışına qatılıblar.
AZƏRTAC xəbər verir ki, FHN-in Təlim-Tədris Mərkəzində keçirilən yarışın açılış mərasimində müxtəlif dövlət qurumlarının rəsmiləri, idman təşkilatlarının nümayəndələri iştirak ediblər.
Yarışın məqsədi sağlam həyat tərzinin təbliği, idmanın kütləviləşdirilməsi, fiziki hazırlıqlı iştirakçıların müəyyən edilməsidir. “Mübarizlər” layihəsi çətin keçilən ərazidə maneəli qaçışla adrenalin həvəskarlarına fəal istirahətin yeni formatıdır. Yarışda maneələr arasında əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yükdaşıma var. Maneələrin çoxu taxta materiallardan hazırlanmış mürəkkəb konstruksiyalardır. Yarış məsafəsinin uzunluğu 7 kilometr və 42 maneədən ibarətdir.