CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları üçün innovasiya təlimi keçirilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Bilik və İnnovasiya İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində nazirliyin əməkdaşları üçün “İnnovasiyanın tətbiqi və idarəedilməsi” mövzusunda təlim kursu keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kursun açılışında İctimai Birliyin sədri, Beynəlxalq Əmək Təşkilatının master təlimçisi Azad Rəhimov bildirib ki, təşkilat öz ətrafında məşğulluq, biznes və inkişaf sahəsində fəaliyyət göstərən peşəkar təlimçiləri birləşdirir.
Təlimçilər keçən il aprelin 7-də Prezident İlham Əliyevin verdiyi “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən, həyata keçirilən özünüməşğulluq proqramının icrası üçün Beynəlxalq Əmək Təşkilatının «Öz biznesinə başla və təkmilləşdir» Proqramı əsasında hazırlanıb və proqramın icrasında fəal iştirak ediblər.
Təlim kursu innovasiyaların əhatə dairəsi, modelləri, innovasiya prosesinin yaradılması və idarəedilməsi, fəaliyyətin təkmilləşdirilməsi məqsədilə innovasiyaların tətbiqi, qarşıya çıxan problemlər və əldə olunan nəticələr barədə nəzəri təqdimatlar və praktiki məşğələlər formasında keçirilib. Tədbir çərçivəsində kurs iştirakçıları əldə etdikləri nəzəri biliklər əsasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin həyata keçirdiyi innovativ layihələri və elektron-idarəetmə sistemlərini təhlil edib, gələcək fəaliyyət prosesində potensial sahələrdə innovativ yanaşmaların tətbiqi üsulları barədə müzakirə aparıblar. Həmçinin, təlimçilər Tural Abbasov və Müşviq Əliyev özünüməşğulluq tədbirləri çərçivəsində sahibkarlıq növünün müəyyənləşdirilməsi və müvafiq biznes planlarının hazırlanmasında innovasiyaların tətbiqi ilə əlaqədar şəxsi təcrübələrini bölüşüblər.
Təlim kursunda nazirliyin aidiyyəti strukturlarının 15 əməkdaşı iştirak edib və tədbirin sonunda onlara sertifikatlar təqdim olunub.