CƏMİYYƏT
Əmək və Sosial Münasibətlər Akademiyasında elmi-praktik konfrans keçirilib
Bakı, 27 dekabr, AZƏRTAC
Dekabrın 27-də Əmək və Sosial Münasibətlər Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Dünya ölkələri və beynəlxalq təşkilatların əsas perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Akademiyadan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə akademiyanın tədris və elmi işlər üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Fərhad Mehbalıyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi və əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, 1991-ci ilin dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın zəruriliyini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.
İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, iqtisad elmləri doktoru Vilayət İsmayılov “Dünya ölkələri və beynəlxalq təşkilatların əsas perspektivləri” mövzusunda tələbələrin çıxışları haqqında məlumat verib.
Elmi-praktiki konfransda iştirak edən tələbələrin müxtəlif mövzularda məruzələri dinlənilib.
Daha sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirib.
Konfransın yekununda ən yaxşı məruzəçilər sertifikatlara layiq görülüb.