CƏMİYYƏT


Əmək və əhalinin sosial müdafiəsi naziri: Pensiya təyinatı sistemi tam elektronlaşdırılacaq

Bakı, 6 avqust, AZƏRTAC

Sosial təminat sisteminin mühüm komponentlərindən olan pensiya təminatı sahəsi üzrə əhaliyə xidmətlərdə məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığa tam nail olunması üçün pensiya təyinatı prosedurunun da elektronlaşdırılması həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya təminatı sisteminin təkmilləşdirilməsi məqsədilə nazirlikdə yaradılmış işçi qrupunun iclasında deyib. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq pensiya təminatı sistemində aparılan islahatların davam etdirildiyini diqqətə çatdırıb.

O bildirib ki, həmin islahatlar sosial sığorta sisteminin inkişafının, işləyən əhalinin bu sistemdə fəal iştirakının effektiv şəkildə stimullaşdırılması, sığortaedənlərlə iş mexanizmlərinin təkmilləşdirilməsi, sosial sığorta münasibətlərinin və pensiya təyinatı üzrə xidmətlərin şəffaflaşdırılması, bu xidmətlərin keyfiyyətinin artırılması və s. kimi hədəflərə yönəlib. Hazırda “Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin imkanlarından da bu istiqamətdə səmərəli istifadə böyük əhəmiyyət kəsb edir.

S.Babayev sığorta-pensiya sistemi ilə bağlı qanunvericilik aktlarında müvafiq əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlandığını vurğulayıb.

İclasda, həmçinin işçi qrupuna tapşırılan vəzifələrin icrası sahəsində görülən işlər, hazırlanan yeni təkliflər, pensiya təyinatı prosedurunun elektronlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.