CƏMİYYƏT
Əmək və əhalinin sosial müdafiəsi naziri Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüşüb
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan media nümayəndələri 44 günlük Vətən müharibəsində də yüksək vətənpərvərlik ruhu ilə şanlı Zəfərimizə öz dəyərli töhfələrini verdi. Media nümayəndələri sırasında ön cəbhədə döyüşdə iştirak edənlər də az olmadı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bunu nazir Sahil Babayev Vətən müharibəsi qaziləri olan bir qrup media nümayəndəsi ilə Milli Mətbuat Günü ərəfəsində keçirdiyi görüşdə deyib.
Nazir vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər qazandığı Vətən müharibəsi şanlı qəhrəmanlıq salnaməsi kimi tarixə qızıl hərflərlə həkk olundu. Azərbaycan uğurlu hərbi əməliyyatlarla beynəlxalq səviyyədə tanınan ərazilərini Ermənistanın işğalından azad etdi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu.
S.Babayev KİV nümayəndələrinin də bu böyük qələbənin əldə olunmasında fəal iştirakını qeyd edib. Bildirib ki, jurnalistlər Vətən müharibəsində həm cəbhə xəttində reportyor kimi çalışdılar, həm də səfərbərlik çərçivəsində ön cəbhədə döyüşçü kimi iştirak etdilər.
Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirməklə bağlı vəzifələrini icra edərkən AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin əməkdaşı Sirac Abışov iyunun 4-də nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində şəhid oldular. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər iki şəhid jurnalist 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Həmçinin Vətən müharibəsi iştirakçıları olan media nümayəndələrinin bir çoxu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə dövlət başçısının sərəncamları ilə medallara layiq görülüblər.
S.Babayev nazirliyin kollektivi adından Vətən müharibəsində iştirak edən jurnalistləri peşə bayramları ilə əlaqədar təbrik edib. Onlara həm Azərbaycan mətbuatının inkişafına, eyni zamanda, möhtəşəm Zəfərimizin qazanılmasına öz dəyərli töhfələrini verdiklərinə görə təşəkkürünü bildirib.
Sonda jurnalistlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından “Təşəkkürnamə”lər təqdim edilib.