CƏMİYYƏT
Əmək və məşğulluq sahəsində Dünya Bankı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Ölkəmizdə əmək və məşğulluq sahəsindəki genişmiqyaslı islahatlar prosesində beynəlxalq təcrübənin, qabaqcıl dünya praktikasının öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Dünya Bankı ilə bu istiqamətdə əməkdaşlığa xüsusi əhəmiyyət verilir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının Dünya Bankı nümayəndələri ilə videoformatda keçirilən görüşdə bildirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Dünya Bankından sosial müdafiə məsələləri üzrə baş mütəxəssislər Mirey Ovadiya və Mitçel Vayner, baş iqtisadçı Sirma Demir Şeker, təcrübə rəhbəri Ahmet Levent Yener və başqaları iştirak ediblər.
Görüşdə ötən dövrdə əmək və məşğulluq sahəsində həyata keçirilmiş əməkdaşlıqdan bəhs olunub. Peşə hazırlığının və sosial cəhətdən həssas qrupların məşğulluq imkanlarının artırılması üçün aktiv məşğulluq tədbirlərinin təşkili, özünüməşğulluq proqramı sahəsində xarici təcrübələrin öyrənilməsi və təcrübə mübadilələrinin aparılması, əmək bazarının mövcud vəziyyətinin təhlili və proqnozlaşdırılması sisteminin qurulması, həmçinin digər sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Eləcə də qeyri-formal məşğulluğun mövcud vəziyyətinin araşdırılması, peşə hazırlığı və peşəyönümü sisteminin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətlərində də əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.