CƏMİYYƏT
Əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən asan və rahat şəkildə faydalanmaq imkanı yaradılıb
Bakı, 22 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) növbəti interaktiv sorğu keçirilib. Sorğu zamanı respondentlərə “Əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən asan və rahat şəkildə faydalana bilirsinizmi?” sualı ünvanlanıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin suala ümumilikdə cavab verən 2717 nəfərdən 80 faizi əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən asan və rahat şəkildə faydalana bildiyini qeyd edib. Sorğuda iştirak edənlərin 16 faizi suala “xeyr” cavabını verib. Respondentlərin 4 faizi isə ümumiyyətlə, bu barədə məlumatsız olduğunu söyləyib.
Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Elektron hökumət” portalı üzərindən istifadəyə verilən elektron xidmətlər əmək və sosial müdafiə, sosial sığorta sahələri üzrə dövlət xidmətlərinin göstərilməsində məmur-vətəndaş təmaslarının minimuma endirilməsinə, vətəndaşların həmin xidmətlərdən müasir və şəffaf şəkildə faydalanmalarına şərait yaradıb. Hazırda həmin elektron xidmətlərin sayı 30-a yaxındır və onlara olan böyük sosial tələbin, ictimai marağın ifadəsi kimi, təkcə son bir ildə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərə 9 milyon 341 min müraciət qeydə alınıb.
Hər bir elektron xidmət hazırlanarkən əhalinin ondan daha sadə və rahat şəkildə istifadə imkanlarına malik olmasına xüsusi diqqət yetirilir. Eyni zamanda, istifadəyə verilən hər hansı elektron xidmət, ondan istifadə prosedurları barədə ardıcıl olaraq geniş ictimai məlumatlandırma işləri aparılır. Sorğuya qoşulanların böyük əksəriyyətinin əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən asan və rahat şəkildə faydalana bildiklərini qeyd etmələri də həmin işlərin müsbət nəticəsidir.
Bununla belə, sorğu iştirakçılarından bir qisminin həmin elektron xidmətlərdən asan və rahat şəkildə istifadə edə bilmədiklərini və ya ümumiyyətlə həmin elektron xidmətlər barədə məlumatsız olduqlarını bildirmələri müvafiq məlumatlandırma işlərinin qarşıdakı dövrdə də davam etdirilməsinin zəruriliyini göstərir.