CƏMİYYƏT
Əməkdar Mədəniyyət İşçisi, tanınmış jurnalist Tofiq Rüstəmovun xatirəsi anılıb
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə Əməkdar Mədəniyyət İşçisi, jurnalist, professor Tofiq Rüstəmovun anadan olmasının 80 illiyi münasibətilə xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək onun həyat və yaradıcılığından danışıb. Bildirib ki, T.Rüstəmovun Azərbaycan jurnalistikasının təşəkkülü və inkişafında müstəsna xidmətləri olub.
Ə.Amaşov deyib ki, Tofiq Rüstəmovun mətbuat fəaliyyətini televiziya-radio jurnalistikası, tərcümə sənəti, ədəbi redaktənin tarixi sahələri əhatə edib.
Tofiq Rüstəmovun mətbuat sahəsində gördüyü işləri yüksək qiymətləndirən Ə.Amaşov onun insani keyfiyyətlərindən, gənc jurnalistlərə göstərdiyi diqqət və qayğısından bəhs edib.
Tanınmış jurnalist Məzahir Süleymanzadə T.Rüstəmov haqda xatirələrini bölüşüb. Bildirib ki, uzun illər Azərbaycan televiziyasında işləyən, istedadlı tərcüməçi kimi tanınan T.Rüstəmov Azərbaycan jurnalistlərinin böyük bir qisminin yaddaşına əsl müəllim kimi həkk olunub.
Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli onu Azərbaycan jurnalistikasının, tərcümə sənətinin brendi kimi dəyərləndirib. Deyib ki, T.Rüstəmov BDU-nun jurnalistika fakültəsində televiziya və radio kafedrasının, bir sıra ixtisaslaşma kurslarının, o cümlədən “Ədəbi redaktə” fənninin yaradıcılarındandır.
Digər çıxış edənlər də Tofiq Rüstəmovla bağlı xatirələrini bölüşüb, onun Azərbaycan jurnalistikasının inkişafı naminə gördüyü işləri yüksək qiymətləndiriblər.