İDMAN


Əməkdar Məşqçi Hacıbaba Əsgərovun anadan olmasının 100 illik yubileyi qeyd edilib

Bakı, 14 noyabr, AZƏRTAC

Əməkdar Məşqçi və beynəlxalq dərəcəli hakim Hacıbaba Əsgərovun anadan olmasının 100 illik yubileyi münasibətilə noyabrın 14-də Milli Olimpiya Komitəsində (MOK) “Dəmir iradəli insan” mövzusunda anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abiyev, MOK baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, veteran idmançılar iştirak ediblər.

Tədbirdə çıxış edən Ç.Hüseynzadə Azərbaycanda idmanın bütün sahələrinin sürətlə inkişaf etdiyini bildirib. Bu inkişafın əsasında Prezident İlham Əliyevin idmana yüksək diqqət və qayğısının dayandığını vurğulayan Ç.Hüseynzadə adı Azərbaycanın idman tarixinə parlaq hərflərlə yazılmış şəxslərdən birinin də Hacıbaba Əsgərov olduğunu bildirib. Azərbaycanda ağır atletikanın inkişafında H.Əsgərovun xidmətlərini xüsusi vurğulayan MOK-un vitse-prezidenti Əməkdar Məşqçinin xatirəsinin idman ictimaiyyəti tərəfindən daim yad olunduğunu diqqətə çatdırıb.

Əməkdar Məşqçi, ağır atletika üzrə beynəlxalq dərəcəli hakim Azad Mustafayev çıxışında Hacıbaba Əsgərovun həyat və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Böyük Vətən müharibəsində ağır yaralandığı üçün ordudan tərxis edilən H.Əsgərov ayaqlarının iflic olması ilə əlaqədar bir müddət sərbəst hərəkət edə bilməyib. Lakin bu vəziyyətlə barışmayan H.Əsgərov sarsılmaz iradəsi, inadkarlığı sayəsində müxtəlif üsullardan, təmrinlərdən və texnikadan istifadə edərək nəinki sərbəst şəkildə yeriməyə, hətta peşəkar idmanla məşğul olmağa başlayır. O, motosikl idmanı və ağır atletika üzrə bir sıra yarışların qalibi də olur.

Diqqətə çatdırılıb ki, H.Əsgərov 1947-ci ildən ömrünün sonuna kimi müxtəlif vəzifələrdə işləyib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda dərs deyib. O, idman sahəsi üzrə Azərbaycan dilində ilk dərsliyin (1963-cü il) müəllifidir. “Əmək veteranı” fəxri adına layiq görülən H.Əsgərov “Əmək igidliyinə görə” medalı, SSRİ təhsil sistemindəki nailiyyətlərinə görə isə “İşdə əla nailiyyətlərə görə” döş nişanı ilə təltif edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Hacıbaba Əsgərov yığma komandasının əsas çalışdırıcısı kimi ölkəmizdə ağırlıqqaldırma üzrə peşəkar idmançılar yetişdirib. O, 1965-ci ildə ağır atletika üzrə beynəlxalq kateqoriyaya layiq görülən ilk hakim olub. Onun hazırladığı mütəxəssislər - Məmməd Useynov, Şua Hüseynov, Nazim Orucov, Vadim Maroçkin, Yusif Əhmədov, Arif Əsgərov, Oleq Luqovskoy, Aleksey Kulkov, Yusif Yusifov, Vəli Əliyev, Oqtay Rzayev, İsmayıl İsmayılov Azərbaycanın müxtəlif bölgələrində idmançı kadrlar yetişdiriblər.

Çıxışlardan sonra MOK baş katibinin müavini, AAAF-ın vitse-prezidenti Azər Əliyev yubilyarın ailə üzvlərinə Hacıbaba Əsgərovun portretini və xatirə hədiyyələri təqdim edib.

Tədbirdə Hacıbaba Əsgərovun Azərbaycan idmanının inkişafındakı xidmətlərindən danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.