MƏDƏNİYYƏT


Əməkdar artist Yaqub Zurufçunun xatirəsi anılıb

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də Qurd qapısı qəbiristanlığında Əməkdar artist Yaqub Zurufçunun məzarı ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, mərasimdə sənətkarın ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əməkdar jurnalist Rəhman Orxan bildirib ki, azadlıq, müstəqillik arzusu ilə alışıb yanan Yaqub Zurufçu uzun illər qəribçilik həyatı sürüb, lakin Vətəninə sevgisi heç vaxt azalmayıb. Onun mahnıları gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.

Bəstəkarlar İttifaqının katibi professor Zemfira Qafarova çıxışında deyib: “Elə şəxsiyyətlər var ki, onlar özlərindən sonra silinməz iz buraxırlar. Yaqub Zurufçu məhz belə insanlardan idi. O, Azərbaycanı çox sevirdi. Azərbaycanda yaşamaq onun arzusu idi”.

Xalq artisti Flora Kərimova qeyd edib ki, Yaqub Zurufçunun səsində bir ruh dolaşır və o ruhun yaşamağa haqqı var. Yaqub yaşamaqdan zövq alan bir insan idi. Onun “Ayrılıq” mahnısı Arazın hər iki sahilində yaşayan doğma, əziz insanları birliyə səsləyib. Yaqub Zurufçu uzun illər Vətəndən ayrı yaşadığı üçün həmin mahnını ürək yanğısı ilə oxuyurdu.

Dünya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, 15 il Yaqub Zurufçu ilə çalışmış Xəzər Emin bildirib ki, bu əməkdaşlıq nəticəsində ilk dəfə olaraq Azərbaycanda Aşıqların respublika üzrə birinci müsabiqəsi keçirilib. Y.Zurufçu bölgələrdə qulluq edən əsgərlərin qarşısında çıxışlar edirdi. Onun sənəti ilə şəxsiyyəti vəhdət təşkil edirdi.

Qeyd edək ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. O, ilk dəfə 15 yaşında Təbrizin Milli Televiziyasında çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnılarını ifa edib. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.