ELM VƏ TƏHSİL
Əməkdar elm xadimi Əli Nuriyevə həsr olunan yubiley sessiyası keçirilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
İqtisadiyyat İnstitutunda AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi Əli Nuriyevin anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunan yubiley sessiyası keçirilib.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan bu elmi müəssisənin direktoru, professor Nazim Müzəffərli görkəmli iqtisadçı alimin həyat və fəaliyyəti haqqında məlumat verib.
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor Məhiş Əhmədov “Böyük və zəngin yaradıcılıq yolu”, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirli “Əli Nuriyevin Dövlət İdarəçilik Akademiyasında elmi-təşkilati fəaliyyəti və onun nəticələri”, Sumqayıt Dövlət Universitetinin müəllimi, iqtisad elmləri doktoru, professor Şəfa Əliyev “Müdrik insan və kamil müəllim” mövzularında məruzə ilə çıxış ediblər. AMEA-nın müxbir üzvü Əli Nuriyevi görkəmli iqtisadçı alim, sadə və müdrik insan, elm fədaisi, yüksək insani keyfiyyətlərə malik ziyalı kimi xarakterizə edən məruzəçilər onunla bağlı xoş xatirələrini danışıb, keçdiyi şərəfli ömür yoluna nəzər salıblar.
Xatırladaq ki, AMEA-nın müxbir üzvü Əli Nuriyevin iqtisad elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və anadan olmasının 80 illiyi ilə əlaqədar AMEA-nın Rəyasət Heyəti tərəfindən AMEA-nın fəxri fərmanı ilə təltif edilib.