ELM VƏ TƏHSİL


Əməkdar elm xadimi Əli Nuriyevin biobiblioqrafik göstəricisi çapdan çıxıb

Bakı, 4 dekabr, AZƏRTAC

Mərkəzi Elmi Kitabxanada (MEK) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, Əməkdar elm xadimi Əli Nuriyevin biobiblioqrafik göstəricisi tərtib edilib.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib. Bildirilib ki, biobiblioqrafik göstərici Əli Nuriyevin elmi-pedaqoji və ictimai fəaliyyətinin 1968-2020-ci illərini əhatə edir. Nəşrdə alimin həyatı və əmək fəaliyyətinin əsas tarixləri, elmi, pedaqoji və ictimai fəaliyyəti haqqında oçerk, elmi-tədqiqat işləri, əsərləri və onların praktiki tətbiqi haqqında məlumat verilib. Bununla yanaşı, Ə.Nuriyevin redaktorluq fəaliyyəti, doktorant və dissertantlara elmi rəhbərliyi, rəy verdiyi əsərlər, avtoreferat və dissertasiyalar, habelə həyatı və yaradıcılığı haqqında ədəbiyyat siyahısı öz əksini tapıb.

Biobiblioqrafik göstərici kitabxananın hazırladığı əvvəlki şəxsi biblioqrafiyalardan bir sıra üstünlüyü ilə fərqlənir. Belə ki, kitabda alimin bütün yaradıcılığı 13 bölmə daxilində qruplaşdırılıb: kitablar, dövrü mətbuat və məcmuələrdə çap olunmuş məqalələrin əlifba göstəricisi, konfrans materialları, məruzələr, tezislərin əlifba göstəricisi, redaktə etdiyi əsərlərin əlifba göstəricisi, elmi məsləhətçisi olduğu əsərlərin əlifba göstəricisi, rəy verdiyi əsərlərin əlifba göstəricisi, müsahibələrin əlifba göstəricisi və s. Həmçinin biobiblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə 19 addan ibarət soraq axtarış aparatı tərtib edilib və istifadə olunmuş ixtisarların siyahısı verilib. Nəşrin digər üstün cəhəti xarici dillərdə olan mənbələrin Azərbaycan dilində tərcüməsinin verilməsidir.

Kitabın tərtibçiləri MEK-in Biblioqrafik vəsaitlərin hazırlanması sektorunun müdiri Təranə Rüstəmova və DİA-nın əməkdaşı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Nüşabə Nuriyeva, redaktoru dosent Şəhla Tahirqızı, ixtisas redaktoru Sevil Zülfüqarovadır. Biobiblioqrafik göstərici “Elm” nəşriyyatında çapdan çıxıb. Kitab iqtisadiyyat üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.