REGİONLAR
Əməkdar elm xadimi Hüseyn Həşimlinin yeni kitabları nəşr olunub
Naxçıvan, 29 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə Əməkdar elm xadimi, mərhum Hüseyn Həşimlinin “Haqq divanı” və “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” adlı kitabları nəşr olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Haqq divanı” kitabında 1910-1930-cu illər ədəbi mühitinin unudulmuş nümayəndəsi, istedadlı yazıçı, publisist, mütərcim Ələkbər Qərib Naxçıvanlının bədii, publisistik və ədəbi-tənqidi əsərlərindən, məktublarından, tərcümələrindən, həmçinin onun tərcümələri haqqında resenziyalardan seçmələr toplanıb. Həmin illərdə Ələkbər Qəribin nəşr etdirdiyi kitablardan, bəzi arxivlərdən, eləcə də Bakıda və Tiflisdə çıxmış qəzet və jurnallardan götürülmüş materialların əksəriyyəti o vaxtdan sonra ilk dəfə oxuculara təqdim olunur.
“Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” kitabında isə yazıçının şərəfli ömür yolu, bədii yaradıcılığı, ədəbi-tənqidi və publisistik irsi, tərcüməçilik və naşirlik fəaliyyəti araşdırılıb. Tədqiqat əsəri ciddi elmi axtarışların, böyük zəhmətin məhsulu olmaqla unudulmuş tarixi və ədəbi irsimizə ən layiqli töhfədir.
Naxçıvan şəhərində fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən çap olunan hər iki tədqiqat əsəri gənc alimlər və tədqiqatçılar üçün mühüm mənbə olmaqla yanaşı, yeni əsərlərin yaranmasına səbəb olacaq.
Qeyd edək ki, sağlığında Ələkbər Qərib Naxçıvanlı ilə bağlı mətbuatda onlarla məqaləsi çap olunan və onu elmi ictimaiyyətə təqdim edən Hüseyn Həşimlinin ən böyük arzusu onun haqqında monoqrafiyanın və əsərlərinin işıq üzü görməsi idi.