MƏDƏNİYYƏT


Əməkdar incəsənət xadimi Məmmədağa Kərimovun 70 illik yubileyi qeyd edilib

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli tar ifaçısı, Əməkdar incəsənət xadimi, konservatoriyanın professoru Məmmədağa Kərimovun 70 illik yubileyi qeyd edilib.

Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, tədbir Məmmədağa Kərimovun həyat və yaradıcılığı haqqında geniş məlumatın təqdimatı ilə başlayıb.

Yubiley gecəsində AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək görkəmli tar ifaçısı Məmmədağa Kərimovun pedaqoji fəaliyyətindən və tar ifaçılığı sənətinin inkişafındakı xidmətlərindən danışıb.

Qeyd edilib ki, AMK-nın xalq çalğı alətləri kafedrasına 13 il rəhbərlik etmiş, yüksək ifaçılıq mədəniyyətinə malik Məmmədağa Kərimov milli musiqimizin təbliğində, sevilməsində və yeni tar ifaçılarının yetişdirilməsində böyük xidmətlər göstərib.

Daha sonra yubilyarı təbrik edən rektor Məmmədağa Kərimova AMK-nın fəxri medalını təqdim edib.

Tədbirdə həmçinin xalq çalğı alətləri kafedrasının müdiri, Əməkdar müəllim Ramiz Əzizov çıxış edərək kafedranın təbrik ünvanını professora təqdim edib.

Vurğulanıb ki, milli musiqimizin, xalq mahnı və muğamlarımızın mahir ifaçısı, professor Məmmədağa Kərimov pedaqoji təcrübəsi ilə milli mədəniyyətimizin inkişafı və təbliği istiqamətində önəmli fəaliyyətini bu gün də davam etdirir.

Yubiley mərasimi konsert proqramı ilə davam edib. Professorun yetirmələrinin ifasında xalq mahnıları və muğamlar səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.