MƏDƏNİYYƏT
Əməkdar incəsənət xadimi Teyyub Axundovun xatirəsi anılıb
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da Dövlət Film Fondunda Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, təsvir rejissoru Teyyub Axundovun yaradıcılığına həsr edilib.
Şair Mikayıl Müşfiqin 115 illik yubileyi münasibətilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək Teyyub Axundovun təsvir rejissoru kimi lentə aldığı bədii və rejissor kimi çəkdiyi bir neçə sənədli film haqqında məlumat verib, onun İkinci Dünya müharibəsi iştirakçısı olduğunu vurğulayıb.
Sonra Əməkdar incəsənət xadimləri Rafiq Qəmbərov və Aydın Kazımzadə çıxış edərək, görkəmli sənətkar haqqında xatirələrini bölüşüblər.
Çıxışların ardınca Teyyub Axundovun şair Mikayıl Müşfiqə həsr edilmiş “Kainat olduqca şeir olacaq...” filmi tamaşaçılara təqdim olunub.
Filmin nümayişindən sonra professor Abbasqulu Nəcəfzadə, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy və Mikayıl Müşfiq irsinin təbliğatçısı Sənan Talıbov tədbirin əhəmiyyətindən bəhs ediblər.