MƏDƏNİYYƏT
Əməkdar jurnalist Elmira Əliyevanın məqalələrindən ibarət növbəti toplu çapdan çıxıb
Bakı, 21 noyabr, Salehə Əliyeva, AZƏRTAC
Azərbaycanın Əməkdar jurnalisti, “Şöhrət” ordenli Elmira Əliyevanın məqalələrindən ibarət növbəti topluda Azərbaycan xalqının görkəmli nümayəndələri haqqında parlaq məqalələr təqdim edilib. Onların çoxu ilə müəllif şəxsən görüşüb, bir çoxlarını yaxından tanımaq xoşbəxtliyi ona nəsib olub. Elmira Əliyeva bu məqalələrdə öz xatirələrini və düşüncələrini də bölüşüb.
Tanınmış jurnalist oxuculara müraciətində yazır ki, daha əvvəl çapdan çıxmış toplu kimi, bu toplu da “İnsanlar... Hadisələr... Zaman...” adlanır və iki kitabdan ibarətdir.
Elmira xanımın yazılarının əsas qayəsini həmişə İnsan, onun gördüyü işlər, üzləşdiyi problemlər, iştirak etdiyi hadisələr, yaşadığı zaman təşkil edib.
Birinci kitab “Şəxsiyyətlər” fəsli və Azərbaycan xalqının ümummilli lideri, böyük vətənpərvər və siyasi xadim Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Onun ən böyük irsi müstəqil Azərbaycandır” sərlövhəli məqalə ilə açılır. Müəllif Ulu Öndərin siyasi uzaqgörənliyi barədə təəssüratlarını dəfələrlə bölüşüb və onun quruculuq fəaliyyətində hər dəfə yeni nə isə kəşf edib: müasir Azərbaycanın çiçəklənməsinin əsasını qoymuş neft müqavilələri, ölkədə bərqərar edilmiş sabitlik, Ermənistanla müharibədə atəşkəs əldə edilməsi, Azərbaycan diplomatiyasının nailiyyətləri, tam bir sıra iqtisadi islahatlar, mədəniyyətin inkişafı.
E.Əliyeva mətbuat nümayəndələri ilə ünsiyyət saxlamağa həmişə hazır olan Heydər Əliyevlə görüşləri barədə də xatirələrini bölüşüb.
Elə həmin bölmədə “Hər birimizin Prezidenti. İlham Əliyev: o, əsası böyük sələfi tərəfindən qoyulmuş yaxşı nə varsa, hamısını dərinləşdirib və inkişaf etdirib” sərlövhəli məqalə yer alıb. Müəllif məqalənin sərlövhəsinə aydınlıq gətirərək deyir ki, bununla o, Prezidentin çoxşaxəli fəaliyyətini, onun beynəlxalq miqyasda, iqtisadi, sosial və mədəniyyət sahələrində fəaliyyətini vurğulamaq istəyib. Axı Azərbaycan vətəndaşı kimi hər birimizin taleyi onun fəaliyyətindən çox asılıdır.
“Nur və şəfqət bəxş edən” adlı oçerk Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya, onun bütün dünyada təqdir edilən nəcib işlərinə, mədəniyyət, təhsil, səhiyyə məsələlərinə xüsusi diqqət yetirən Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunub.
“Yüksək insani keyfiyyətlər carçısı” sərlövhəli məqalə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın ad gününə həsr edilib. Müəllif Zərifə xanımın maraqlı hadisələrlə zəngin həyatından söz açır.
Səkkiz fəsildən ibarət bu kitablar mövzu və janr rəngarəngliyi seçilir. “Şəxsiyyətlər”, “Vətəni şöhrətləndirən azərbaycanlılar”, “Maraq doğuran nəşrlər”, “Miniatür kitablar və onların qəhrəmanları”, “İncəsənət”, “Dostlar, həmkarlar, həmfikirlər”, “Özlərindən sonra xeyirxah iz qoyub getdilər”, “Xatirələr...Düşüncələr” bölmələrində yerləşdirilən məqalələr istedadlı jurnalistin yaradıcılığı haqqında dolğun təsəvvür yaradır.
Elmira Əliyeva Ağdaş şəhərində anadan olub. Bakıdakı 23 nömrəli orta məktəbi qızıl medalla bitirərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Jurnalistlik fəaliyyətinə təyinatla göndərildiyi “Bakinski raboçi” qəzetində başlayıb. 1961-ci ildə ümumittifaq miqyaslı və çox populyar “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri təyin edilib. Jurnalistlik fəaliyyətinin son 23 ilini Azərinformda (indiki AZƏRTAC) rəhbər vəzifələrdə çalışıb. Lakin hansı vəzifəni tutmasından asılı olmayaraq, Elmira xanım həmişə yaradıcılıqla məşğul olub və pensiyaya çıxandan sonra da özünü bütünlüklə sevimli işinə həsr edib.
Bu istedadlı söz ustasının və gözəl müəllimin yanında işləmək xoşbəxtliyi çoxumuza nəsib olub. Biz hamımız çətin jurnalistlik peşəsinin sirlərini, insanlarla ünsiyyət saxlamaq bacarığını, məsuliyyətli və diqqətli olmağı, müşahidə etməyi və dürüstlüyü ondan öyrənmişik. Obyektiv və qərəzsiz jurnalist olmaq böyük və məsuliyyətli vəzifədir. Elmira Əliyeva həmişə zirvədədir və bu şərəfli adı qürurla daşıyır.
AZƏRTAC-ın kollektivi Elmira xanımı xatırlayır və sevir, ona uzun ömür və böyük yaradıcılıq uğurları arzu edir.