QAN YADDAŞI
Əməkdar jurnalist ərəb mediasında Xocalı dəhşətlərindən yazıb
Bakı, 5 fevral, AZƏRTAC
Əməkdar jurnalist Süleyman İsmayılbəylinin “Xocalı-XX əsrin ən dəhşətli soyqırımı” adlı məqaləsi Misirin məşhur aldiplomasy.com, aldawlanews.com, eləcə də İordaniyanın nayrouz.com saytlarında dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllifin budəfəki yazısı 29 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri soyqırımına həsr olunub. Bildirilir ki, insanlıq əleyhinə yönəlmiş bu soyqırımı zamanı 613 mülki vətəndaş ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib ki, onlardan da 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca və ahıl şəxslər idi. Həmçinin 8 ailə erməni vəhşiliyinin qurbanı olaraq tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Xocalı soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilənlərlə yanaşı, 76-sı uşaq olmaqla, 487 nəfər düşmən gülləsinə tuş gələrək yaralanıb.
Məqalə müəllifi yazır ki, erməni silahlı birləşmələri Xocalıda XX əsrin ən ağır cinayətini törədərək azərbaycanlıları kütləvi şəkildə soyqırımına məruz qoyduqdan sonra şəhərin sağ qalan 1275 nəfər sakinini əsir götürərək Ermənistana aparırlar. 29 il əvvəl ermənilər tərəfindən əsir götürülən 1275 Xocalı sakininin 150 nəfərinin taleyi bu günə qədər də naməlum olaraq qalır ki, onlardan da 68 nəfəri qadın, 26 nəfəri isə uşaq olub.
Süleyman İsmayılbəyli Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədildiyi faktının erməni canilər tərəfindən etiraf edildiyini də məqalədə qeyd edir və sabiq Ermənistan prezidenti Serj Sarkisyan, həmçinin erməni yazıçı Zori Balayan, David Xerdiyanın bununla bağlı etiraflarını diqqətə çatdırır.
Müəllif Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci ildən etibarən başlamış olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrinin bu soyqırımı pisləyən bəyanatlar, qərarlar qəbul etdiyini, onu tanıdığını da diqqətə çatdırır.
Sonda məqalə müəllifi ümid edir ki, tezliklə Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirmiş erməni caniləri törətdikləri insanlıq əleyhinə cinayətlərə, soyqırımına görə məsuliyyətə cəlb ediləcəklər.