ELM VƏ TƏHSİL


Əməkdar memar: Qarabağı yenidən quracağıq

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan 44 gündə özünü dünyaya tanıtdı, bütün dünya bizim gücümüzü gördü. İndi biz 30 il əvvəlki başsız, ləyaqəti tapdalanmış ölkə deyilik. Güclü ordusu, dayanıqlı iqtisadiyyatı, gözəl xalqı, əzmli Prezidenti, beynəlxalq layihələrin qurucusu olan Azərbaycanıq. Bu müharibə içimizdəki yatmış aslanı oyatdı və Azərbaycanı məğrur etdi. Bu gün tamam başqa ruh var xalqda. Xüsusilə gənclərimizi qeyd etmək istəyirəm, müasir düşüncəli, Vətəni sevən gəncliyimiz var. Gecə-gündüz bilmədən sosial şəbəkələrdə müxtəlif dillərdə mübarizə aparan, Azərbaycan həqiqətlərini, tarix və mədəniyyətini, ölkədə mövcud tolerantlıq, qarşılıqlı hörmət ənənələrini dünyaya çatdıran ağıllı və savadlı gənclik. Vətən onlara əmanətdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin dekanı, Əməkdar memar Zahidə Məmmədova bildirib.

Z.Məmmədova xüsusi qeyd edib ki, bu günlər xalq və iqtidar birliyinin bənzərsiz vəhdətini yaşadıq, xalqımız bu çətin və həssas dönəmlərdə Prezidentin ətrafında daha da sıx birləşdi. Müharibənin narahat məqamlarında “mən nəyi, necə və nə vaxt etməyi bilirəm” deyərək özünə olan inamı birə min artıran möhtərəm Prezidentimiz bu birliyi qələbə müjdəsi ilə daha da möhkəmləndirdi. Hər çıxışında “Qarabağ Azərbaycandır!” kəlməsini vurğulayan dövlətimizin başçısı məntiqli və konkret cavabları ilə xalqımızın haqq səsini dünya mediasına çatdırdı.

“Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu qarşısında baş əyirəm, yaralı balalarımıza Allahdan şəfalar diləyirəm. Qüdrətli qalib ordumuzun əsgərindən generalına qədər hər birinə sevgi və sayğımız sonsuzdur. Biz qalib gəldik, Qarabağı azad etdik. Viran olmuş, xarabazara çevrilmiş aranlı-dağlı Qarabağı yenidən quracağıq. Buna bizim gücümüz və əzmimiz çatacaq. Vətən, gözün aydın, Qarabağ qayıtdı!”, - deyə Əməkdar memar bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.