CƏMİYYƏT
Əməkdar memar Rəna Əfəndizadənin 90 illik yubileyinə həsr olunan yaradıcılıq gecəsi keçirilib
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Memarlar İttifaqında Əməkdar memar Rəna Əfəndizadənin 90 illik yubileyinə həsr olunan yaradıcılıq gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tanınmış memarın yaradıcılıq gecəsində çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Rəna Əfəndizadənin memarlıq sahəsində nəşr etdirdiyi çoxsaylı kitablardan söz açıb.
Elbay Qasımzadə bildirib ki, yubilyar Memarlar İttifaqı ilə daim sıx əlaqədə olub və öz zəngin təcrübəsini gənc memarlarla bölüşüb.
Memarlar İttifaqının rəhbəri vurğulayıb ki, 90 illiyi qeyd edilən R. Əfəndizadənin müəllimi Azərbaycanın məşhur memarı Mikayıl Useynov olub. M.Useynov onun şəxsi həyatında və memarlıq sahəsində qazandığı uğurlarda böyük rol oynayıb.
Sonra çıxış edən Rəna Əfəndizadə mənalı, eyni zamanda, maraqlı ömür yolundan danışıb.
Qeyd edib ki, təhsil aldığı Moskva Memarlıq İnstitutu onun həyatında dərin iz buraxıb. Memarlıq sahəsində elmlər namizədi dissertasiyasını müdafiə edən R.Əfəndizadə peşəkar fəaliyyətinin əsas istiqamətinin elm və layihə yaradıcılığı ilə bağlı olduğunu deyib.
Digər çıxış edənlər yubilyarın Azərbaycanın memarlıq tarixinə layiqli töhfələr verdiyini söyləyiblər.
Xatırladaq ki, Əməkdar memar Rəna Əfəndizadə Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.