ELM VƏ TƏHSİL


Əməkdar müəllim: Babalarımızdan bizə əmanət qalan Qubadlıda Prezidentimizlə görüşdən qürur duydum

Bakı, 26 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 25-də Qubadlı rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşləri geniş əks-səda doğurub. Səfər iştirakçılarından biri – Qubadlı rayon Hafiz Quliyev adına Texniki fənlər təmayüllü Çaytumas məktəb-liseyin direktoru, Əməkdar müəllim Şamama Həsənova bununla bağlı təəssüratlarını AZƏRTAC-ın oxucuları ilə bölüşür.

Mən 1975-ci ildən təyinatla Qubadlı rayon Çaytumas kənd orta məktəbində işə başlamışam. Özüm də vaxtilə bu kənddə dünyaya göz açmışam. Torpaqlarımız mənfur qonşularımız tərəfindən işğal olunanda hamı kimi mənim də arzularım yarımçıq qaldı. Təsəllim öz doğma məktəbimizin fəaliyyətini Sumqayıt şəhərində davam etdirmək oldu. Kollektivimiz demək olar ki, hamılıqla Çaytumas məktəbində çalışdıq. Çox çətin bir yol keçdik, amma sınmadıq, əyilmədik. Dövlət qayğısı ilə əhatə olunduq. Torpaqlarımızın yağı tapdağından azad ediləcəyi günü səbirsizliklə gözlədik. Prezidentimizin uzaqgörən siyasəti nəticəsində torpaqlarımız işğaldan azad oldu. 2020-ci il 25 oktyabr - Qubadlının işğaldan azad olunduğu gün heç vaxt xatirimdən çıxmayacaq. Həmin gün sevinc göz yaşlarıma hakim ola bilmirdim.

Qubadlının işğaldan azad edildiyinin birinci ildönümündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rayon ictimaiyyətinin nümayəndələri ilə görüşünə mən də dəvət olunmuşdum. 25 oktyabr - ən qürurlu olduğum gün mən doğma Qubadlımızda idim. Babalarımızdan bizə əmanət qalan Qubadlıda Prezidentimizlə görüşdən qürur duydum.

Torpaq həsrətilə dünyasını dəyişən doğmalarımın məzarlarını ziyarət etdim, ruhunuz şad olsun dedim. Sevincimdən nə edəcəyimi bilmirdim. Dağılmış evlərə baxdıqca insanın ürəyi param-parça olurdu. Bu dəhşət, bu vəhşət insan əliyləmi törədilmişdi? Əgər onlara insan demək mümkünsə... Dağılmış evlərə baxdıqca gözlərim önündə dişiylə, dırnağıyla, min bir zəhmətlə ev tikib doyunca içərisində yaşamayan zəhmətkeş insanların çöhrəsi canlandı. Onlardan eləsi var ki, bu həsrətlə dünyasını dəyişib. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. O qanlı-qadalı illəri Allah Azərbaycan xalqından uzaq etsin. Prezidentimizə cansağlığı versin ki, quruculuq işlərini tam başa çatdırıb, zəhmətinin bəhrəsini görsün. Görüşdə Prezidentimiz və birinci xanım Mehriban Əliyeva o günün uzaqda olmadığını əminliklə bildirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.