ELM VƏ TƏHSİL


Əməkdar müəllim: Qubadlıda keçirilən görüş hər zaman yaddaşımda yaşayacaq, yeni nəslin təlim-tərbiyəsində mənə güc verəcək

Bakı, 28 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 25-də Qubadlı rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşləri geniş əks-səda doğurub. Görüş iştirakçılarından biri – Əməkdar müəllim Ədalət Əsədov bununla bağlı təəssüratlarını AZƏRTAC-ın oxucuları ilə bölüşür.

Günə qiyməti, dəyəri il verir. Ötən ilə qədər 25 oktyabr bizim üçün adi günlərdən biri olduğu halda, 2020-ci il bu günü gözümüzdə ucaltdı. Yəni 2020-ci ilin oktyabrın 25-i Qubadlımızın işğaldan azad edildiyi gün oldu. Bu il oktyabrın 25-i əzəli yurdumuz Qubadlıdayıq. İyirmi səkkiz illik ayrılıqdan sonra övladları anasına qovuşmuşdu. Ermənilərin törətdikləri vəhşiliyi, viranəliyi görüb daxilən ağlasaq da ümumən ümidli və inamlıyıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin bir qrup nümayəndəsini doğma torpağına dəvət etmişdi. Mən də həmin görüşdə iştirak edirdim. Otuz dörd yaşında bir müəllim olaraq məcburən doğma yurdu tərk etmiş, indi isə 28 illik ayrılıqdan sonra ana-ata torpağındayam. Sevinc və qürur hissləri yaşayıram. Prezidentimiz hamımızla səmimi görüşdükdən sonra çıxışı zamanı Qubadlının Baş planının işlənib-hazırlandığını, ictimaiyyətə təqdim olunacağını və dəyərli fikirlərə, ideyalara hörmətlə yanaşılacağını söylədi. Yeni “Qubadlı” yarımstansiyasının istifadəyə verildiyini, sovet dövründəkindən fərqli olaraq onun gücünün dəfələrlə çox olduğunu qeyd etdi. Bu da rayon iqtisadiyyatına öz töhfəsini verəcək. “Biz Qubadlını yenidən quracağıq. Qubadlı əvvəlkindən daha gözəl olacaqdır” sözlərini Prezidentimizdən eşitdikdə isə ürəyim dağa döndü. Çünki hər birimiz Prezidentimizin “Mənim sözüm imzam qədər qüvvətlidir” fikrinin mahiyyətinə yaxşı bələdik. Ən xoşagələn cəhətlərdən biri də o oldu ki, işğaldan azad edilən bölgələr yenidən qurularkən tarixilik nəzərə alınacaq, regiona xas xüsusiyyətlər yaşadılacaq. Təbii ki, Qubadlıda hamımızı sarsıdan erməni vandalizminin nəticələri idi. Qəbilə məxluqları keçmiş irsimizə sayğısız yanaşıb, hər daşı, binanı söküb, dağıdıb, viran qoyublar. Yaratmaq bunların təbiətində yoxdur, yaradanda da xarabalıq yaradırlar. Çünki ermənilər şərin qohumudurlar. Rayonun hər küçəsində, evində erməni vəhşiliyinin izini gördüm. Dövlətimizin başçısı ictimaiyyət nümayəndələri ilə şəhər ərazisini gəzdi. Hamımız erməni vəhşiliyinin bir daha şahidi olduq. Ürəyimiz ağrısa da Prezidentimizin çıxışı, gəzinti zamanı səsləndirdiyi fikir könlümüzə su səpdi – “Qubadlını yenidən daha gözəl quracağıq”.

Qubadlıda duyğusal olduğum bir məqamı da vurğulamaq istəyirəm. Müzəffər Ali Baş Komandanımızın Milli Qəhrəman Həmid Şükürovun atası Nəriman kişi ilə duyğusal görüşməsi, bu ixtiyar kişini bağrına basması, onu qucaqlaması məni-məndən aldı. Bir daha əmin oldum ki, Prezidentimiz İlham Əliyev böyük qəlbə sahibdir, şəhidlərimizə sonsuz ehtiramı var, çox sadə və təvazökar insandır. Dövlət başçısının çıxışında bir məqam da diqqətimi çəkdi ki, Qubadlının azad olunması böyük əhəmiyyətə malikdir. Gorus-Qafan yoluna nəzarət, gömrük postunun yaradılması dövlətimizin imicini yaratdı. Bununla da Qarabağa daşınan qanunsuz yüklərin qarşısı alındı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş hər zaman yaddaşımda yaşayacaq, yeni nəslin təlim-tərbiyəsində mənə güc verəcək. Özüm Sumqayıta qayıtsam da ruhum Qubadlıda qaldı. Doğma yurd salamat qal.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.