MƏDƏNİYYƏT


Əməkdar rəssam Aydın Rəcəbovun yaradıcılığı klassika və novatorluq qovşağında

Bakı, 14 may, AZƏRTAC 

Mayın 24-də Əməkdar rəssam, Rəssamlar İttifaqının “Dekorativ-tətbiqi sənət” bölməsinin rəhbəri Aydın Rəcəbovun Azərbaycan Xalça Muzeyində “Ənənələrin gələcəyi” adlı fərdi sərgisi açılacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın geniş yaradıcılığını əks etdirən əsərləri nümayiş olunacaq. A.Rəcəbov xalçaçılıq sənətində fəaliyyət göstərdiyi onilliklər ərzində bir çox xovlu və xovsuz xalça eskizləri yaradıb. Ornamental əsərlərində sənətkar ənənəvi türk-oğuz ornamental motivlərindən geniş istifadə edir. Yaratdığı bəzi süjetli xalçalarda orta əsr Azərbaycan miniatür sənətinin təsirini görmək mümkündür, digər əsərləri isə həndəsi stilizasiyası ilə seçilir.

Bir sıra əsərlərinin ornamentində şifrələnmiş yazılar gizlənir. Bura hazırda Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılan “Suvari dərviş” və kompozisiya quruluşu başdan-başa qədim yazı simvollarından ibarət “Tenqri” xalçaları aiddir. Həmçinin ərəb dilində imam Əlinin adı şifrələnmiş “Xətlərin harmoniyası”, bulud naxışları İslam dininin ehkamı “La ilahə illəllah” sözlərinin birləşməsindən yaranan “Abşeron” və digər xalçalar da bu sıradadır.

Hazırkı sərgi üçün rəssam öz eskizləri əsasında son bir ildə toxunan altı yeni xalça hazırlayıb. Bura yalnız müxtəlif illərdə yaratdığı otuzdan çox xalça və xalça məmulatları deyil, həmçinin onların iyirmi yeddi eskizi də daxildir. Beləliklə, tamaşaçı bu və ya digər xalça eskizinin hazırlanma prosesini lap əvvəldən – ideyanın yarandığı andan seyr edə bilər.

Sərgi iyunun 24-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.