İQTİSADİYYAT
Əməkhaqqı fondunun artması məcburi dövlət sosial sığorta haqlarının da artımına səbəb olub
Bakı, 26 may, AZƏRTAC
Vergi güzəştləri təkcə muzdlu işçilərin sayının artmasına, əmək müqavilərinin bağlanmasına deyil, həmçinin bütövlükdə biznesin fəaliyyətinə də müsbət təsir göstərib. Bu proses multiplikativ effekt daşıyır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu sözləri Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə deyib.
Onun sözlərinə görə, əmək bazarının şəffaflaşması özəl sektor üzrə digər müsbət tendensiyalara da yol açıb. Belə ki, islahatlar nəticəsində əmək müqavilələrinin sayının artması ilə yanaşı, illik əməkhaqqı fondu, dövlət büdcəsinə ödəmələrin məbləği də artıb.
“Əməkhaqqı fondunun artması məcburi dövlət sosial sığorta haqlarının da artımına səbəb olub. 2021-ci ilin məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar 109,9 faiz, o cümlədən qeyri -büdcə üzrə 113 faiz səviyyəsində icra edilib. Həmçinin qeyri-büdcə üzrə 2021-ci ilin icra göstəricilərini 2019-cu ilin icrası ilə müqayisə etsək, Dövlət Sosial Müdafiə Fonduna 615.6 milyon manat proqnozdan daha çox vəsaitin toplanmasını görə bilərik”, - deyə idarə rəisi bildirib.