REGİONLAR


Əməlləri ilə qəlblərdə yaşayan şəxsiyyət

Gəncə, 12 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Dekabrın 12-də - ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümündə dahi rəhbərin xatirəsi Gəncədə ehtiramla yad olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhərində Heydər Əliyev adına meydanda təşkil olunan anım tədbirində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Mərasimdə iştirak edən şəhər rəhbərliyi, idarə, təşkilat və müəssisələrin əməkdaşları, eləcə də şəhər sakinləri Heydər Əliyevin Gəncənin baş meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Burada quraşdırılan böyük monitorda dünya şöhrətli siyasətçinin həyatından bəhs edən film nümayiş olunub, Ulu Öndərə həsr edilmiş musiqi əsərləri səsləndirilib.

Günboyu ulu öndər Heydər Əliyevin abidəsi önündə izdiham müşahidə olunub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.

X X X

Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümündə Goranboy Rayon İcra Hakimiyyətində “Bütün zirvələrdən ucada dayanan Heydər Əliyev dühası” mövzusunda konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkına gələrək Ulu Öndərin abidəsi önünə tər çiçəklər qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində təşkil edilmiş fotosərgidə Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən fotolarla tanış olublar.

Konfransı açan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bütün ömrünü Azərbaycan dövlətinin möhkəmlənməsinə və inkişafına həsr etmiş, bu yolda böyük çətinliklərlə qarşılaşan, SSRİ kimi nəhəng bir imperiyanın sərt qanunlarına baxmayaraq öz xalqını inamla işıqlı gələcəyə, müstəqilliyə aparan Heydər Əliyev kimi dahi şəxsiyyətin xalq və dövlət qarşısındakı bəşəri xidmətlərindən danışıb.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanıb. Heydər Əliyevin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub.

Çıxış edənlər bildiriblər ki, istər Heydər Əliyevin Azərbaycana sovet hakimiyyəti illərində rəhbərliyi dövründə, istərsə də müstəqil Azərbaycanın Prezidenti olduğu illərdə məhz onun diqqət və qayğısı sayəsində Goranboy rayonunun bütün sahələrində güclü inkişaf müşahidə edilib.

X X X

Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin anım günü Naftalan şəhərində də silsilə tədbirlərlə qeyd olunub.

Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı meydan dekabrın 12-də həmişə olduğundan daha izdihamlı idi. Şəhərin ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, sadə naftalanlılar səhər saatlarından başlayaraq axın-axın mərkəzin qarşısına gələrək, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra dahi rəhbərin vəfatının ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində konfrans keçirilib.

Tədbirdə çıxış edənlər bütün həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb, onun nurlu və əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.

Bildirilib ki, dekabrın 12-si Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazanmış böyük tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyevin anım günüdür. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.

X X X

Kəlbəcər Rayon İcra Hakimiyyətində müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatının on beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayon icra hakimiyyətinin inzibati binasında ucaldılmış büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbir açıq elan olunub.

Tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov ulu öndər Heydər Əliyevin həyat yolu və fəaliyyəti haqqında ətraflı məlumat verərək, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsinin, iqtisadi yüksəlişinin təmin edilməsinin, beynəlxalq nüfuzunun artmasının böyük siyasi və ictimai xadim Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti, cəsarəti və geniş dünyagörüşü nəticəsində mümkün olduğunu bildirib. Bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Heydər Əliyevin əziz xatirəsinin daim qəlblərdə yaşayacağı, yaddaşlardan heç vaxt silinməyəcəyi vurğulanıb.

Digər çıxış edənlər müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq, onun siyasi irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

X X X

Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü Şəmkir rayonunda da dahi rəhbərə sonsuz məhəbbət və ehtiram hissi ilə qeyd edilib. Anım günü ərəfəsində rayonun idarə, müəssisə və təşkilatlarında xatirə tədbirləri, konfranslar, ümumtəhsil məktəblərində şeir, inşa yazı və rəsm müsabiqələri keçirilib, idman yarışları təşkil olunub.

Dekabrın 12-də əmək kollektivlərinin, rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin Şəmkir şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Mərasim iştirakçıları azərbaycanlı olmağı ilə həmişə fəxr edən Ümummilli Liderin keçdiyi şərəfli ömür yolunun gələcək nəsillər üçün əsl örnək olduğunu bildiriblər. Vurğulanıb ki, müasir tariximizi Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyil. Vətən təəssübü, xalq sevgisi Ulu Öndərin həyat yolu, qayəsi idi. Mənsub olduğu xalqına xidmət etmək, Azərbaycanı dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub.

X X X

Dekabrın 12-də Samuxda müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə ümumrayon anım mərasimi keçirilib.

Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Anım mərasimi Heydər Əliyev Mərkəzində “Əbədiyaşar lider” mövzusunda təşkil edilmiş konfransla davam etdirilib.

Konfransda Ulu Öndərə həsr olunan filmi nümayiş etdirilib.

Məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Qocayev bildirib ki, Heydər Əliyev Azərbaycanı zamanın sınaqlarından uğurla çıxarıb, gələcək inkişaf strategiyasını müəyyənləşdirib.

Konfransda vurğulanıb ki, bu gün ölkəmizdə qazanılan böyük uğurlar məhz Heydər Əliyev dühasının bəhrəsidir.

X X X

Mingəçevirdə ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində böyük izdiham yaşanıb.

Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsi qarşısında yüzlərlə şəhər sakini dahi rəhbərə ehtiramlarını nümayiş etdiriblər.

Abidə önünə gül-çiçək düzən mingəçevirlilər xalqımızın bu gün firavan yaşamasında misilsiz xidmətləri olan Ümummilli Liderin xatirəsini anıb, onun ruhuna sonsuz hörmət və ehtiramlarını ifadə ediblər.

X X X

Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü Daşkəsəndə də ehtiramla yad olunub.

Daşkəsən rayon ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.

Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotostendlərə baxış olub.

Rayon icra hakimiyyətinin inzibati binasında ictimaiyyət nümayəndələrinin ümumrayon yığıncağı keçirilib.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yığıncaqda bir dəqiqəlik sükutla yad edilib, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən “Zaman və lider” filmi nümayiş olunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Ulu Öndərin anım günü ilə əlaqədar keçirilən ümumrayon yığıncağında çıxış edərək bildirib ki, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə böyük uğurlar qazanır. Bütün bunlar Azərbaycan xalqının öz seçimində yanılmadığını, müstəqil dövlətimizin taleyinin etibarlı əllərdə olduğunu bir daha təsdiqləyir.

Vurğulanıb ki, xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti daim dəstəkləyir, sabaha inamla addımlayır.

“Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, amma Heydər Əliyevin milli müstəqillik, azərbaycançılıq ideyaları əbədi olacaqdır. Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri artıq hər bir azərbaycanlının milli mənlik şüurunun zirvəsinə çevrilib”, – deyə Ə.Abıyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.