DÜNYA
“American Airlines” aviaşirkəti bir gündə 900-dən çox reysi ləğv edib
Vaşinqton, 1 noyabr, AZƏRTAC
“FlightAware” reyslərin izlənməsi saytının məlumatına görə, “American Airlines” aviaşirkəti üç gün ərzində təqribən 2000 reysi, o cümlədən bazar günü 917 reysi ləğv edib. Bu, aviaşirkətin gündəlik əməliyyatlarının 33 faizinə bərabərdir.
AZƏRTAC xəbər verir ki, ötən cümə və şənbə günlərində Dallas və Fort-Uert şəhərləri bölgəsində güclü külək əsməsi nəticəsində şirkətin Fort-Uertdə yerləşən əsas nəqliyyat qovşağı sayılan “Dallas-Fort-Uert” beynəlxalq aeroportunda reysləri ləğv etməli olublar. Aviaşirkətin bəyanatında bildirilir ki, Texasın şimalında güclü külək əsməsi işçi heyətin çatışmamasına və aeroportun buraxılış qabiliyyətinin ikiqat azalmasına gətirib çıxarıb. Qeyd edilir ki, mühüm nəqliyyat qovşağı olan bu aeroportda beş uçma-enmə zolağından yalnız ikisi işlək vəziyyətdə olub.
Aviaşirkət yaxın aylarda yüzlərlə yeni əməkdaşı işə götürməyi planlaşdırır. 600-dən çox yeni bort bələdçisi işə qəbul ediləcək, noyabrın 1-dən etibarən 1800 bələdçi məcburi məzuniyyətdən qayıdacaq.
COVID-19 pandemiyası zamanı səfərlərin sayının azalması ilə əlaqədar işçiləri ixtisar etmək lazım gəlib. Ümumi vaksinasiya başlanandan sonra uçuşlar bərpa olunub və aviaşirkət əməliyyat işçilərinin çatışmaması ilə üzləşib. “Southwest Airlines” aviaşirkətinin oktyabr ayında verdiyi məlumata görə, hava şəraiti, uçuşların idarə edilməsi problemləri və işçilərlə əlaqədar çətinliklər ucbatından aviareyslərin ləğv edilməsi nəticəsində şirkət 75 milyon dollar itirib.
AZƏRTAC-ın Vaşinqton bürosu