SİYASƏT


Amerika Azərbaycanlılarının Koordinasiya Şurası aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

Bakı, 6 iyun, AZƏRTAC

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, "USA Today", BBC, CNN, "The New York Times", "The Guardian", "Washington Post", "Herald", "Newsweek", "Tribune" kimi media orqanlarına ünvanlanan müraciətdə deyilir: “10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh razılaşmasına baxmayaraq, Ermənistan bu müqaviləni və beynəlxalq öhdəliklərini kobud şəkildə pozmaqda davam edir. Azərbaycanın israrlı tələblərinə baxmayaraq, Ermənistan işğaldan azad edilmiş ərazilərdə yerləşdirdiyi mina xəritələrini təhvil verməkdən imtina edir. Üstəlik, Azərbaycanın yaşayış məntəqələrində və yollarında yeni minalar yerləşdirilməsi kimi məkrli məqsədlə diversant qruplarını ölkəmizin ərazilərinə göndərir. Bu məkrli və qeyri-insani siyasətin nəticəsində indiyədək 100-dən çox insan həlak olub və yaralanıb, iyunun 4-də isə azərbaycanlı jurnalistlər faciəli şəkildə həlak olub, bir neçə şəxs yaralanıb”.

Müraciəti Azərbaycan–Amerika İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov, Azərbaycan–Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Amerika– Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova, Nyu-York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Yuta–Azərbaycan İcması nümayəndəsi Əsmər Qarayeva, Florida–Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova, Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal, Minnesota– Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əliyarlı və Şimali Amerika Gənclər təşkilatının rəhbəri Aytac Qasımova imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.