Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Bakıda 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının keçirilməsi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. Mən son 25 il ərzində Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın birgə qurduğu tərəfdaşlığı yüksək qiymətləndirirəm və bu tərəfdaşlığın davamlı inkişafını arzulayıram.

Amerika Birləşmiş Ştatları Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının bu dəhlizin tamamlanmasına yönəlmiş səylərini alqışlayır. Mən qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu dəyərləndirirəm.

Mən iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılması sahəsində Azərbaycanın səylərini dəstəkləyirəm və alqışlayıram, xalqlarımızın rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını arzulayıram. İqtisadiyyat, idarəçilik və məhkəmə sahələrində islahatları davam etdirdiyiniz bir zamanda Amerika Birləşmiş Ştatları Sizinlə işləməyə hazırdır. Amerika Birləşmiş Ştatları, həmçinin regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək Minsk Qrupu prosesi vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.

Amerikalılar Azərbaycanda daha möhkəm sabitliyə və çiçəklənməyə ümid edirlər və inanırlar ki, Konfrans və Cənub Qaz Dəhlizi bu məqsədlərə nail olmaqda mühüm əhəmiyyət daşıyır.

Səmimiyyətlə,

 

Donald Tramp

ABŞ Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin