İQTİSADİYYAT
Amerika Gəmiçilik Bürosunun nümayəndələri ASCO-da seminar keçiblər
Bakı, 9 dekabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbər heyəti və ASCO-nun alyans tərəfdaşı “Caspian Marine Servises”in (CMS) əməkdaşları üçün “Dənizçilik sənayesinin ən son nailiyyətləri” mövzusunda seminar təşkil olunub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, seminarı Amerika Gəmiçilik Bürosunun (ABS) Hyustondakı ofisinin nümayəndəsi Mark McGrath, Avropa ofisinin nümayəndəsi Christian Schack, Bakı ofisinin nümayəndəsi Ryan Salamati, Xəzər dənizi regionu üzrə meneceri Seyfəttin Tatlı aparıb.
ABS nümayəndəsi M.McGrath iştirakçılara müasir təlim texnikaları, dəniz sənayesinin tələbləri, daşımalarla məşğul olan gəmilərə tətbiq edilən qaydalar barədə ətraflı məlumat verib. R.Salamati və S.Tatlı isə dənizçilik sənayesinin bazar tendensiyaları, texniki problemlər və həllər, davamlılıq və dəniz sənayesindəki meyillər, Təsnifat Cəmiyyəti ilə qarşılıqlı əlaqə, dəniz sənayesi üçün ABS xidmətlərinə dair danışaraq seminarı davam etdiriblər.
Seminar interaktiv formada keçib, iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.