ELM VƏ TƏHSİL
Amerika Sefard Federasiyasının nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda olub
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Amerika Sefard Federasiyasının nümayəndə heyəti ilə görüşüb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, rektor rəhbərlik etdiyi ali məktəbin yaranması, buradakı tədris proqramı barədə nümayəndə heyətinə ətraflı məlumat verib. O, Aİİ-də İslamla yanaşı, digər dünya dinləri, xüsusən də yəhudilik və xristianlıq haqqında fənlərin tədris edildiyini deyib, gələcəkdə Azərbaycandakı dinlərin tarixi və mədəniyyəti ilə bağlı araşdırmaların aparılmasının, həmçinin yəhudilik və xristianlıqla bağlı ixtisasların açılmasının planlaşdırıldığını, bu sahədə dünyanın qabaqcıl elmi müəssisələri ilə əməkdaşlığa hazır olduqlarını bildirib.
Azərbaycanda tarixən dinlərarası tolerant mühitin mövcud olduğunu diqqətə çatdıran rektor ölkəmizdə dini icmalara dövlət tərəfindən böyük qayğı göstərildiyini, bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin həmin siyasəti uğurla davam etdirdiyini, bir çox dini ibadət ocaqlarının təmir və ya bərpa olunduğunu, dini təhsil müəssisələrinin yaradıldığını, dövlətin dini qurumlara mütəmadi maliyyə vəsaiti ayırdığını, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət göstərdiyini vurğulayıb.
C.Məmmədov qonaqlara Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri haqqında məlumat verərək qeyd edib ki, işğal olunmuş torpaqlarda çox sayda müsəlman və xristian dini abidələri ermənilər tərəfindən dağıdılıb. Ancaq bu gün Bakının mərkəzində erməni kilsəsinin fəaliyyət göstərdiyini vurğulayan C.Məmmədov kilsədə erməni dilində beş min kitabın qorunduğunu bildirib. Rektor erməni işğalına qarşı ölkəmizdə yaşayan yəhudilərin də fəal mübarizə apardıqlarını, onların arasında Albert Aqaronov kimi milli qəhrəmanların olduğunu bildirib.
Daha sonra Amerika Sefard Federasiyasının icraçı direktoru Ceyson Quberman rəhbərlik etdiyi təşkilat və nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi haqqında geniş məlumat verib. C.Quberman Aİİ-nin rektoruna Azərbaycanda belə bir institutun açılmasından məmnunluğunu ifadə edib, bu ali məktəblə əməkdaşlığa hazır olduqlarını vurğulayıb. O, həmçinin Amerikada yaşayan Sefard yəhudilərinin tanınmış jurnallarından olan “The Sephardi Report” jurnalının son nömrəsini rektora hədiyyə edib.
Nümayəndə heyətinin üzvü İrina Sukerman da Aİİ-də keçirilən dərslərin müxtəlif dinlərin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib, bu sahədə instituta dəstək verməyə hazır olduqlarını bildirib.