REGİONLAR
“Amerika ağ kəpənəyi”nin ikinci nəslinə qarşı mübarizə tədbirləri aparılır VİDEO
Xaçmaz, 14 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun təsərrüfatlarında xüsusi təhlükəli zərərvericilərdən sayılan “Amerika ağ kəpənəyi”nin ikinci nəslinə qarşı mübarizə tədbirləri başlanılıb.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları bu ilin mayında Quba-Xaçmaz zonasında 2 min hektara yaxın ərazidə müşahidələr aparıblar. Müşahidələr zamanı fərdi təsərrüfat sahələrində və parklarda əkilmiş məhdud sayda ağacların, eyni zamanda, meyvə bağlarındakı gavalı və tut ağaclarının “Amerika ağ kəpənəyi”nə yoluxduğu aşkar edilib. Zərərvericinin birinci nəslinə qarşı mübarizə tədbirləri iyunda aparılıb.
Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Damət Sultanov bildirib ki, zərərvericilərin qısa müddətdə məhv edilməsi üçün həm mexaniki, həm də kimyəvi yolla mübarizə tədbirləri həyata keçirilir. Quba-Xaçmaz zonası ilə yanaşı Bakı-Abşeron, Lənkəran-Astara zonasında və Bərdə rayonunda da müvafiq tədbirlər görülür. Bütövlükdə respublika üzrə 900 hektara yaxın ərazidə “Amerika ağ kəpənəyi”nə qarşı mübarizə işləri başa çatdırılıb.