SİYASƏT


Amerikada çıxan “The Bukharian Times” qəzetində Azərbaycan haqqında məqalə dərc edilib

Vaşinqton, 29 noyabr, AZƏRTAC

Nyu-Yorkda çıxan həftəlik “The Bukharian Times” qəzetində nəşrin baş redaktoru, bu yaxınlarda Azərbaycanda səfərdə olmuş Rafael Nektalovun məqaləsi dərc edilib.

Materialda qeyd olunur ki, son iyirmi ildə ABŞ və Kanada Buxara Yəhudiləri Konqresi Qafqazda ən böyük yəhudi icmasının yaşadığı Azərbaycan ilə öz münasibətlərini fəal inkişaf etdirir.

AZƏRTAC xəbər verir ki, ABŞ Buxara Yəhudiləri Təşkilatı SSRİ-dən mühacirət etmiş yəhudilərin Amerikada yaratdığı yeganə təşkilatdır. Bu təşkilat Orta Asiya respublikaları ilə bərabər postsovet məkanındakı digər ölkələr - Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Azərbaycan ilə də münasibətlərini inkişaf etdirir. Qeyd etmək lazımdır ki, təşkilatın fəaliyyətinin bu istiqaməti həmin ölkələrdə dəstəklənir və ilbəil inkişaf edir.

Məqalədə deyilir ki, çoxsaylı humanitar əlaqələr, bir sıra konfranslar və seminarlarda iştirak öz bəhrəsini verib. Müəllif cari ilin noyabr ayında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə ilə birlikdə iki mühüm görüş keçirib. Azərbaycan mədəniyyət naziri Anar Kərimov ilə görüşdə Nektalov Buxara Yəhudiləri Cəmiyyətinin qəzetini və təqvimlərini, həmçinin Yelena Korovayın “Başqa baxış. Buxara yəhudiləri rus ədəbiyyatında” kitabını nazirə hədiyyə edib. Anar Kərimov Azərbaycan xalqına hörmət bəsləyən, Azərbaycan incəsənətini və mədəniyyətini ABŞ-da təbliğ edən bu icmaya təşəkkürünü bildirib. Musiqi sənəti və kino sahəsində mədəni layihələr müzakirə edilib.

Nektalov yazır ki, onlar elə həmin gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevlə görüşüblər. Bu görüşdə komitə ilə ABŞ və Kanada Buxara Yəhudiləri Konqresi arasında xalq diplomatiyasının inkişafı perspektivləri müzakirə edilib. E.Əliyev qeyd edib ki, elə həmin görüş vaxtı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Zəfər Gününün bayram edilməsi ilə əlaqədar ABŞ-da səfərdədir. Müəllif vurğulayır: “Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmək və Bakıda qalaraq Vətən müharibəsində Azərbaycanın Zəfər Gününü qeyd etmək arzumu bildirəndə E.Əliyev bu istəyimə görə mənə təşəkkür etdi”.

Nektalov daha sonra qeyd edir ki, onun Bakıda olduğu günlərdə Azərbaycan paytaxtında VIII Qlobal Bakı forumu keçirilirdi. Hibrid formatda təşkil olunmuş bu tədbirdə müxtəlif ölkələrin nümayəndələri həm əyani şəkildə, həm də videokonfrans rejimində iştirak edirdilər. 2013-cü ildən başlayaraq hər il keçirilən bu böyük beynəlxalq forum pandemiya başlanandan bəri ilk dəfə təşkil olunmuşdu. Burada müxtəlif ölkələrin sabiq və hazırkı prezidentləri və baş nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış alimlər və ictimai xadimlər iştirak edirdi.

Qlobal Bakı Forumu cari beynəlxalq vəziyyətin, habelə sülhə və təhlükəsizliyə ən ciddi təhdidlərin müzakirə edildiyi məkandır. Bu tədbirdə dünyamiqyaslı təhdidlərin aradan qaldırılması üçün konkret addımlar işlənib hazırlanır. Forumun təşkilatçısı qismində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çıxış edir.

Müəllif məqalənin sonunda yazır: “Nyu-Yorka qayıdandan sonra məni “Məxsusi şənbə günü” televiziya proqramında distant rejimdə iştiraka dəvət etdilər. Proqramda mənimlə bərabər TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman, - o, forumun işini yüksək qiymətləndirdi, - Böyük Britaniyadan olan beynəlxalq media-məsləhətçi Zurab Kadalaşvili, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko da iştirak edirdi. Mən 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfər Gününün Nyu-Yorkdakı Azərbaycan diasporu tərəfindən necə qeyd edilməsi barədə məlumat verdim, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin zəruri olmasını öz mövqeyimdən şərh etdim”.

AZƏRTAC-ın Vaşinqton bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.