MƏDƏNİYYƏT
Amerikalı alim Bakıda “Xəttatlıq lövhəsi: təsəvvüfdə Tvitterin ilkin forması” mövzusunda mühazirə oxuyub
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində ABŞ-ın Corciya Universitetinin professoru Alan Qodlas Bakıda “Xəttatlıq lövhəsi: təsəvvüfdə Tvitterin ilkin forması” mövzusunda mühazirə oxuyub.
AZƏRTAC xəbər verir ki, tədqiqatçı alim sufizmin ifadə edildiyi xəttatlığın bir növü olan lövhə barədə məlumat verib. Daha sonra monitorda xəttatlıq lövhəsi üzərində yazılan Quran ayələri barədə məlumat diqqətə çatdırılıb, Nəsimi fəlsəfəsi ilə keçmişə və müasir dövrə aid müxtəlif nəzəriyyə və konsepsiyalar arasında paralellər aparılıb.
Qeyd edək ki, Alan Qodlas Misir, Mərakeş və Türkiyədə əlyazma kitabxanalarında geniş tədqiqatlar aparıb. Onun tədqiqatları Quranın təfsiri, şüurun dəyişməsi, eləcə də İslam, modernizm və post-modernizm arasında əlaqələr kimi sahələri əhatə edir. Alimin tədqiq etdiyi İslam mətnləri, ilk növbədə, ərəb, fars və türk dillərindədir. Alimin tədqiqatının əhatə etdiyi son sahə dinşünaslığın dissiplinar çərçivəsinin işlənib hazırlanmasıdır. O, 2002-ci ilin aprel ayında İslamşünaslıq veb-səhifəsi mənəviyyat kateqoriyasında “Vebby” mükafatına beş namizəddən biri olub.