ELM VƏ TƏHSİL
Amerikalı professor AMEA-nın Dendrologiya İnstitutunda məruzə ilə çıxış edib
Bakı, 14 iyun, AZƏRTAC
ABŞ-ın Massaçusets Universitetinin professoru Nazim Məmmədov AMEA-nın Dendrologiya İnstitutunda keçirilən seminarda “Azərbaycan üçün yeni perspektivli alternativ dərman bitkiləri” mövzusunda məruzə ilə çıxış edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, məruzəçi müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında istifadə olunan dərman bitkiləri barədə ətraflı məlumat verib. Bildirib ki, dərman bitkilərinin müalicəvi xassəsi, onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin (alkaloidlər, qlikoidlər, flavonoidlər, vitaminlər, aşı maddələri, kumarinlər, efir yağları və bir sıra turşular, mikroelementlər, fermentlər) olması ilə əlaqədardır.
Seminarda müqayisəli olaraq Azərbaycan və Amerika florasında yayılmış qiymətli dərman və efir yağlı bitki növlərindən bioloji fəal maddələrin alınması, onların yeyinti və kosmetika, həmçinin farmakologiyada tətbiqi sahəsində aparılmış elmi-tədqiqat işlərindən bəhs olunub.
Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov ABŞ-ın nüfuzlu universiteti ilə əməkdaşlığın faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.
Nazim Məmmədov Dendrologiya İnstitutunun fəaliyyətini yüksək qiymətləndirərək təmsil etdiyi universitet ilə bu elmi müəssisə arasında kadr və təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu deyib.
Sonda qonaq Dendrologiya İnstitutunda müasir avadanlıqlarla təhciz olunmuş laboratoriyalar, endemik və dərman əhəmiyyətli bitkilərlə zəngin olan Herbari Fondu ilə yaxından tanış olub. O, fondda saxlanılan yerli və xarici floraya məxsus herbari nümunələrinin toplanılması, hazırlanması, onların saxlanılma şəraiti və aparılan müasir istiqamətli tədqiqat işləri ilə maraqlanıb.