CƏMİYYƏT


Amerikalı senator Mirzə Ələkbər Sabirin nəticəsinin müraciətini cavablandırıb

Bakı, 1 oktyabr, AZƏRTAC

ABŞ senatoru Tim Keyn Azərbaycan icmasının fəal üzvü Türkan Tahirlinin Ermənistanın son hərbi təxribatları ilə bağlı müraciətinə cavab verib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, senatorun cavab məktubunda cari ildə Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirib. İki ölkənin xalqlarının uzun illər ərzində məhsuldar əlaqələri paylaşdığına, ABŞ-la Azərbaycan arasında sıx ikitərəfli iqtisadi əlaqələrin mövcud olduğuna, Kosovo, İraq və Əfqanıstandakı beynəlxalq sülhyaratma əməliyyatlarında tərəfdaşlıq etdiyinə və Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi sahəsində birgə əməkdaşlığına diqqət cəlb edilib.

ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq Azərbaycanla Ermənistan arasında sülh və barışın əldə olunması səylərinə kömək etməyə çalışdığı, ölkələrin əksəriyyətinin Qarabağ münaqişəsinin sülh, eyni zamanda, diplomatik həlli yollarını axtardığını, ABŞ-ın əlaqəli şəkildə Qarabağda humanitar, minatəmizləmə səylərini dəstəklədiyi vurğulanıb.

ABŞ Senatının 2022-ci ilin martında Qarabağda minatəmizləməyə iki milyon ABŞ dollarının ayrılmasına dair hərtərəfli təxsisat paketi qəbul etdiyini xatırladan senator bu addımı dəstəklədiyindən məmnun olduğunu, eləcə də ABŞ-ın minasızlaşdırma səylərinin etibarlı şəkildə maliyyələşdirilməsinin, o cümlədən belə yardımın bütün Qarabağ regionuna göstərilməsini dəstəklədiyini söyləyib: “Təhlükəli mina sahələri və döyüş əməliyyatları nəticəsində çirkləndirilmiş ərazilər humanitar risklər yaradır və torpağın səmərəli istifadəsinə əngəldir”.

Tim Keyn hazırda Cənubi Qafqaz bölgəsində vəziyyətin qeyri-sabit qalmasını münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün Ermənistan və Azərbaycan liderlərinin birgə işləməsi zərurəti baxımından “ağrılı xatırlatma” kimi dəyərləndirib.

“Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olaraq sizin fikirlərinizi nəzərə alacağam və ABŞ-la Azərbaycan arasındakı mühüm əlaqələri dəstəkləməkdə davam edəcəyəm”, - deyə senator əlavə edib.

Qeyd edək ki, Türkan Tahirli Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin nəticəsi, tanınmış jurnalist Gündüz Tahirlinin qızıdır. 2014-cü ildən ailəsi ilə birlikdə ABŞ-da yaşayır. O, Virciniya ştatındakı Corc Meyson Universitetinin məzunudur. Bu ilin avqustunda Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.