DÜNYA
Amerikalıların yarıdan çoxu koronavirusa qarşı peyvənd olunub
Bakı, 29 aprel, AZƏRTAC
Yetkinlik yaşına çatan amerikalıların yarıdan çoxuna koronavirus əleyhinə ən azı bir doza peyvənd vurulub, bu günə qədər vurulan ümumi vaksin dozalarının sayı isə 220 milyona çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden kabinetinin 100 günlük fəaliyyətinin nəticələri üzrə Konqresin hər iki palatası qarşısında çıxış edərkən deyib.
“Yetkinlik yaşına çatan amerikalıların yarıdan çoxu koronavirus əleyhinə ən az bir doza peyvənd vurdurub”, - deyə Ağ evin rəhbəri ölkədə pandemiyaya qarşı mübarizədə administrasiyasının səylərini şərh edərkən bildirib. Onun sözlərinə görə, prezidentlik müddətinin əvvəlində ilk 100 gün ərzində 100 milyon vaksin dozasının vurulması məqsədini elan etmişdi. Lakin hazırda bu müddətə iki gün qalmış rəsmi statistikaya görə 220 milyon peyvənd vurulub. Bütün ABŞ ərazisində, o cümlədən apteklərdə, mağazalarda, müalicə mərkəzlərində 10 minlərlə vaksinasiya məntəqəsi qurulub.
Qeyd edək ki, Cozef Bayden iyulun 4-dək, yəni Amerika Birləşmiş Ştatlarının Müstəqillik gününə qədər yetkinlik yaşına çatan amerikalıları koronavirus əleyhinə vaksinasiya ilə tam təmin etməyi qarşısına məqsəd qoyub.